Namazın həm birinci, həm də ikinci rükətlərində İxlas surəsini oxumaq olarmı?
Va aleykum Salam. Birinci və ikinci rükətlərdə əl-Fatihə surəsindən sonra istənilən surəni oxuya bilərsiniz. Hər iki rükətdə əl-Fatihə surəsindən sonra əl-İxlas surəsini oxumağın məkruh və ya qadağan olunması barədə dinimizdə heç bir dəlil yoxdur. Əksinə aşağıda qeyd edəcəyimiz hədis əl-İxlas surəsini hər iki rükətdə oxumağın icazəli olmasına dəlalət edir. Aişə (Allah ondan razı olsun) rəvayət etmişdir ki, bir dəfə Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir nəfəri qoşuna başçı təyin edib döyüşə göndərdi. Həmin adam dostlarına qıldırdığı namazı hər dəfə: "De: “O Allah Təkdir!" (əl-İxlas surəsi) ilə bitirərdi. Səhabələr geri döndükdə bu haqda Peyğəmbərə (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdilər. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: “Nə üçün belə etdiyini ondan soruşun”. Onlar bunun səbəbini ondan soruşduqda o dedi: "Çünki bu surə ər-Rahməni (Mərhəmətli olan Allahı) vəsf edir. Mən də onu oxumağı çox sevirəm". Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurdu: “Ona bildirin ki, Allah da onu sevir”. (əl-Buxari, 7375). Həmçinin oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?