Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı?

    10.11.2014
Kimdən: 
Mehdi ibn Cəfər
Sual: 
Assalamu Aleykum Va Rahmatullah. Allah razi olsun! Bu gun size kifayet qeder choxlu sual verdim ve sizi yordum... Haqqinizi halal edin... Rasulullah (sallallahu aleyhi ve sellem) namazlarda hansı surələri oxuyardı?
Cavab: 

Aleykumu-s-Sələm va rahmətullah va bərakətuhu. Namaz qılarkən əl-Fatihə surəsindən sonra Qurani Kərimdən istənilən ayə və ya surə oxuna bilər. Bunda hər hansı bir məhdudiyyət yoxdur. Bununla yanaşı peyğəmbərin (salləllahu aleyhi və səlləm) hər namazda adət halına gətirərək oxuduğu yerlər vardır. Aşağıda bu surə və ayələr qeyd edilib. Bu o demək deyil ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) həmişə eyni surə və ya ayələri oxuyardı. Buna görə də Qurandan əzbər bildiyimiz surələri yaddan çıxarmamaq üçün həmişə eyni surələri oxumaq əvəzinə başqa surələri və ya ayələri oxumaq da daha yaxşıdır. Buna görə də alimlər peyğəmbərin (salləllahu aleyhi və səlləm) oxuduğu yerləri oxumağı müstəhəb (bəyənilən) saymış, mütləq bu yerlər oxunmalıdır deyə şərt qoşmamışlar.

1) Peyğəmbər (salləllahu aleyhi və səlləm) sübh namazının sünnətində qısa surələrdən və ya bir neçə ayə oxuduğu bildirilir. (əl-Buxari; Muslim; Əbu Davud).
Bəzən birinci rükətdə "əl-Kafirun" surəsini, ikinci rükətdə də "əl-İxlas" surəsini oxumuşdur. (Muslim; ət-Tirmizi).
Bəzən də birinci rükətdə əl-Bəqərə surəsi 136-cı, ikinci rükətdə də Ali İman surəsi 52-ci və ya 64-cü ayələrini oxuduğu rəvayət olunur. (Muslim; Əbu Davud; ən-Nəsai).
Rəsulullah (salləllahu aleyhi və səlləm) sübh namazının fərzində isə "Tivalu-l-Mufəssəl" (əl-Hucurat surəsindən əl-Buruc surəsinin sonuna qədər olan surələr bu qrupda yer alır) olaraq adlandırılan uzun surələri oxuyardı. (ən-Nəsai "İftitah", 6).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) səhər namazının fərzində, Fatihədən sonra oxuduğu rəvayət olunan surələrin bəzilərinin adları bunlardır: İbn Məsud (radıyəllahu anhu) belə rəvayət edir: "Sübh namazının birinci rükətində Ənfaldan qırx ayə qədər, ikinci rükətində isə müfəssəl surələrdən birini oxumuşdur". (əl-Buxari).
Digər bir hədisdə isə bir dəfə səfərdə olarkən, namazda "Qul əuuzu birabbi-l-fələq” və "Qul əuuzu birabbi-n-nas" surələrini oxuduğu xəbər verilir. (Əbu Davud; ən-Nəsai).
Həmçinin, ət-Tur surəsi (əl-Buxari, Mus­lim), Qaf surəsi (Muslim; ət-Tirmizi), ət-Təkvir surəsi (Muslim; əd-Darimi; ən-Nəsai; İbn Məcəh; Əbu Davud), ər-Rum surəsi (ən-Nəsai "İftitəh", 41), əl-Mu'minun surəsi (əl-Buxari; Muslim; Əbu Davud; ən-Nəsai) əz-Zələzələ surəsi (Əbu Davud "Salət",134).
İbn Abbas (radıyəllahu anhumə) belə nəql edir: "Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) cümə günü, sübh namazında əs-Səcdə, və əd-Dəhr surələrini oxuyardı. Yenə Rəsulullah (salləllahu aleyhi və səlləm) cümə namazında əl-Cumuəəl-Munafiqun surələrini oxuyardı". (Muslim; Əbu Davud; ət-Tirmizi; ən-Nəsai).
2) Peyğəmbər (salləllahu aleyhi və səlləm) günorta namazının fərzində çox vaxt "Avsətu-l-Mufəssəl" (əl-Buruc surəsindən əl-Bəyyinə surəsinə qədər olan surələr) adlandırılan surələri oxuyardı. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) zöhr namazının fərzində bəzən çox qiraət edər, birinci rükətdə qiraəti ikinci rükətdən uzun olardı. (Muslim; ən-Nəsai; İbn Məcəh; Əbu Davud).
Fatihə də daxil olmaqla təxminən otuz ayə və ya Səcdə surəsi qədər (30 ayədir) oxuduğu rəvayət edilir. (Muslim; ət-Tirmizi; ən-Nəsai).
Həmçinin ət-Tariq, əl-Ğaşiyə, əl-Buruc, əl-Leyl, əl-İnşiqaq və bənzəri surələri də oxumuşdur. (Muslim; ət-Tirmizi; Əbu Davud).
3) Allah Rəsulu (salləllahu aleyhi və səlləm) əsr namazının fərzində çox zaman "Avsətu-l-Mufəssəl" adlandırılan surələri oxuyardı. Rəsulullahın (salləllahu aleyhi və səlləm) hər rükətdə on beş ayə; günorta namazının ilk iki rükətində oxuduğunun yarısı qədər oxuduğu bildirilir. (Muslim).
4) Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) axşam (məğrib) namazının fərzində qısa oxuması bildirilir. (ən-Nəsai; İbn Məcəh).
Adətən axşam namazında əl-Bəyyinə surəsindən sonrakı qısa surələri oxuyardı. Bəzən də axşam namazında əl-Mursəlat (əl-Buxari; Muslim; ən-Nəsai), ət-Tur (əl-Buxari; Muslim; ən-Nəsai; İbn Məcəh), əl-Maidəəl-Əraf surələri kimi uzun surələri (və ya həmin surələrdən müəyyən qədər) oxuduğu rəvayət olunur. (əl-Buxari; Əbu Davud).
Rəsulullah (salləllahu aleyhi və səlləm) məğrib namazının sünnətində sübh namazında olduğu kimi əl-Kafirunəl-İxlas surələrini oxumuşdur. (Nəsəi, İftitəh, 68)
5) Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə namazında əş-Şəms (ət-Tirmizi; ən-Nəsai), əl-İnşiqaq (ən-Nəsai "İftitəh", 53), ət-Tin (ən-Nəsai "İftitəh", 72-73), əl-A'lə, əl-Aləq əl-Leyl surələrini oxumağı tövisyə etmişdir. Muaz ibn Cəbəl (radıyəllahu anhu) yoldaşlarına işa namazını uzun qıldırmışdı. Ənsardan bir gənc, namazdan ayrıldı və namazını təkbaşına qıldı. Muaz (Allah ondan razı olsun) namazı bitirincə, bu məsələ ona söyləndi. Bunun üzərinə Muaz (Allah ondan razı olsun): "Bu adamın elədiyi müna­fiqlikdir!" - dedi. Həmin gənc də bunu eşidincə Muazın bu sözlərini peyğəmbərə bildirdi. Rəsulullah (salləllahu aleyhi və səlləm); "Ey Muaz! İn­sanları fitnəyə salmaq istəyirsən? İnsanlara imam­lıq edəndə "Vaş-Şəmsi Va Duhəhə", "Səbbihismə Rabbikə-l-A’lə""İqra’ Bismi Rabbikəlləzi Xaləq" "Va-l-Leyli İzə Yağşə" surələrini oxu. (Bu bir həqiqətdir ki, sənin arxanda yaşlı, zəif və ehtiyac sahibi in­sanlar namaz qıl­maqdadır)". (əl-Buxari; Muslim; ən-Nəsai).
6) Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə (təhəccüd) namazlarında bazən səsli, bəzən də səssiz oxumuşdur. Qiraəti də bəzən uzun, bəzən də qısa olmuşdur. (əl-Buxari "Təhəccud", 9; Muslim, İbn Məcəh; ən-Nəsai "İftitah", 164, "Qiyamu-l-Leyl", 25)
Bir gecədə əl-Bəqərə, Ali İmran, ən-Nisə surələrini oxuduğu bildirilir. (Muslim; ən-Nəsəi "İftitəh", 164, "Qiyamu-l-Leyl", 25).
əl-İsra, əz-Zumər surələrindən hər gecə yüz ayə oxuyaraq namaz qılan şəxsin qafillərdən olmayacağını söyləmiş və buna təşviq etmişdir. (Əbu Davud "Salət", 326).
Bundan əlavə, peyğəmbər (salləllahu aleyhi və səlləm) təhəccüd namazında sadəcə bir ayəni təkrar-təkrar oxuduğu da rəvayət olunub. Əbu Zərr əl-Ğifari (radıyəllahu anhu) belə rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) gecə namazına qalxdı və səhər namazının vaxtı girənə kimi namaz qılmağa davam elədi. Namazda tək bir ayə oxudu. O da bu ayədir: "Əgər onlara əzab versən, sözsüz ki, onlar Sənin qullarındır. Əgər onları bağışlasan, şübhəsiz ki, Sən Qüdrətlisən, Müdriksən!" (əl-Maidə, 118)". (ən-Nəsai "İftitah", 79).
7) Peyğəmbər (salləllahu aleyhi və səlləm) vitr namazını gecə (təhəccüd) namazından sonra qılmış və gecə qalxa bilənlərə belə etməyi tövsiyə etmişdir. Vitr namazının birinci rükətində əl-A’lə surəsini, ikinci rükətində əl-Kafirun surəsini, üçüncü rükətində də əl-İxlas surəsini oxumuşdur. (ən-Nəsai "Qiyəmu-l-Leyl", 47-50; ət-Tirmizi "Vitr", 337; İbn Məcəh).
Bəzən də bunlara əl-Fələq ən-Nas surələrini də əlavə edərdi. (ət-Tirmizi "Vitr" 337; İbn Məcəh "İqamətu-s-Saləti", 115).
Bir dəfə vitr namazının bir rükətində ən-Nisə surəsindən 100 ayə oxuduğu da rəvayət edilir. (ən-Nəsai "Qiyamu-l-Leyl", 46).
8) Peyğəmbər (salləllahu aleyhi və səlləm) bəzən cümə namazının birinci rükətində əl-Cumuə surəsini, ikinci rükətində əl-Munafiqun surəsini oxumuşdur. (Muslim; Əbu Davud; İbn Məcəh; ət-Tirmizi). Bəzən də ikinci rükətdə əl-Munafiqun surəsinin yerinə əl-Ğaşiyə surəsini oxuyardı. (Muslim; Əbu Davud; İbn Məcəh).
Bəzən də birinci rükətdə əl-A’lə surəsini, ikinci rükətdə də əl-Ğaşiyə surəsini oxumuşdur. (Muslim; Əbu Davud; İbn Məcəh).
9) Rəsulullah (salləllahu aleyhi və səlləm) bayram namazında bəzən birinci rükətdə əl-A’lə surəsini, ikinci rükətdə də əl-Ğaşiyə surəsini oxuyardı. (Muslim; Əbu Davud; İbn Məcəh).
Bəzən də Qafəl-Qamər surələrini oxuduğu rəvayət olunur. (Muslim; İbn Məcəh; Əbu Davud).

Teqlər: 
Paylaş: