Mübarək ayın gəlişinə hazırlaş!

    19.05.2014

Mübarək Ramazan ayı yaxınlaşmaqdadır. Bu ay başqa aylar kimi deyildir. Bu ay xeyir-bərəkətlə dolu, Allahın mərhəmət qapılarının açıldığı bir aydır. Peyğəmbər - ona və ailəsinə Allahın salavatı və salamı olsun - Ramazan ayının gəlişi münasibəti ilə öz səhabələrini müjdələyər, bu ayda mərhəmət və cənnət qapılarının açılmasını, cəhənnəm qapılarının və şeytanların bağlanmasını xatırladar və belə deyərdi: "Ramazanın ilk gecəsində cənnətin qapıları açılar və heç bir qapısı bağlanmaz. Cəhənnəmin qapıları isə bağlanar və heç biri açıq qalmaz. Həmçinin, şeytanlar da qapanarlar. Bir çağırışçı belə deyər: “Ey xeyir istəyən kimsə! Buyur! Ey şər istəyən kimsə! Geri çəkil!” Hər gecə Allah təalə cəhənnəmdən kimlərisə xilas edər".
Həmçinin, Peyğəmbər demişdir: "Ramazan ayı gəldi. Bu ay bərəkət ayıdır. Bu ayda Allah təalə sizi əhatə edər, rəhmətini nazil edər, günahları bağışlayar və duaları qəbul edər. Allah təalə sizin bu ayda (xeyir işlər görmək üçün bir-birinizlə) yarışmağınıza baxar və sizinlə mələkləri qarşısında öyünər. Siz də özünüzdən Allaha xeyir nümayiş etdirin. Bədbəxt kimsə bu ayda Allahın rəhmətindən məhrum olan adamdır".
Ramazan ayına yetişməyin özü bir nemətdir. Ona görə bu ayda ibadətlərə qapanmaq və pis işlərdən çəkinmək lazımdır. Həmçinin, bu ay ibadətə və namaza başlamaq üçün ən böyük fürsətdir.   
Ramazan ayının orucu İslamın beş əsasından biri hesab olunur. Peyğəmbər demişdir: "Islam beş əsas üzərində qurulmuşdur: “Allahdan başqa həqiqi tanrının olmadığına və Muhəmmədin Allahın elçisi olduğuna şəhadət vermək, namaz qılmaq, zəkat vermək, Ramazan orucunu tutmaq və həcc etmək".
Müsəlman bəndə bu ayda orucla öz nəfsini Rəbbinin itaətinə alışdırmalı və səbirə yiyələnməlidir. Bu ibadəti yerinə yetirməkdə məqsəd sadəcə yemək-içməyi tərk etmək deyil, eləcə də bütün asiliklərdən tövbə edərək Allahın itaətinə qayıtmaqdır. Ona görə də Peyğəmbər demişdir: "Kim yalan danışmağı, ona əməl etməyi və cahilliyi tərk etmirsə, Allah təalə onun tərk etdiyi yemək-içməyə baxmaz".
Oruc tutan adam Allahın haram buyurduqlarını tərk etməli, ona vacib edilənlərə isə sıx bağlanmalıdır. Yalnız bu halda Ramazan ayında cəhənnəm atəşindən qurtularaq Allahın mərhəmətini və Cənnətini qazanmaq olar. Peyğəmbər buyurmuşdur: “Kim Ramazan ayını imanla və mükafatını (yalnız Allahdan) umaraq oruc tutarsa, keçmiş günahları bağışlanar (əl-Buxari, 38). 
Hər bir müsəlman bu ayda mənasını dərk edərək Quran oxumağı, zikr və dualar etməyi, yaxşı işlər görməyi çoxaltmalıdır. Valideynlərinə bacardıqca çox yaxşılıq etməli, qohumluq əlaqələrini sıx tutmalı, qonşularla xoş davranmalıdır. Həmçinin, xəstələri ziyarət etməli və digər xeyirxah əməllər etməyə çalışmalıdır. 
Uca Allahdan bizi bu Mübarək ayda xeyirxah işlər görməyə müvəffəq etməsini, oruc və digər ibadətlərimizi qəbul etməsini diləyirik!
 

Paylaş: