İbn Abbas nə üçün müvəqqəti nikahı halal görmüşdür?

    04.08.2024
Kimdən: 
Murad
Sual: 
Salam Aleykum. Mənim bir sualım olacaqdı. Peyğəmbər (s.a.v) Xeybərdə Siyğəni və Əhli Eşşək ətini haram buyurmasına baxmayaraq, İbn Abbas (r.a) niyə bunları halal görür? Və üstəlik peyğəmbərin (s.a.v) Xeybər günü bu şeyləri qadağan etdiyini bilir. Bildiyim qədərilə İbn Abbas (r.a) o an üçün müvəqqəti edilən qadağa kimi görür, və səbəb əsasında o an üçün qadağan edildi deyir, bu səbəblər nə idi? Birdə peyğəmbərin (s.a.v) sünnəsində olan heyvanların əti haram olanlarki var, İbn Abbas (r.a) və Aişə (r.a) niyə hər dəfəsində Ənam 145-i oxuyub bu 4 şeydən başqa haram yoxdu deyirlər?
Cavab: 

Va aleykum Salam. İbn Abbas (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) siğəni (müvəqqəti nikahı) haram etdiyini bilmədiyi üçün əvvəl onu halal görmüş, haram edildiyini bildikdən sonra isə öz rəyindən dönmüşdür. ət-Tirmizi (Allah ona rəhmət etsin) Əli İbn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət etmişdir ki, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xeybər günü müvəqqəti nikahı (siğəni) və ev eşşəyinin ətini haram etmişdir. Bu barədə Səbura əl-Cuhəni və Əbu Hureyradan hədis rəvayət edilir. ət-Tirmizi sonra demişdir: "Əlinin (Allah ondan razı olsun) bu hədisi "həsən-səhih" hədisdir. Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) səhabələri və başqa  alimlər də buna əməl edirlər. İbn Abbasdan (Allah ondan razı olsun) müvəqqəti nikahın icazəli olması rəyi rəvayət olunsa da sonralar ona Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sözü bildirilmiş və o bu rəydən dönmüşdür. Alimlərin əksəriyyəti siğənin (müvəqqəti nikahın) haram olması rəyindədirlər. Bu, həmçinin, əs-Səuri, İbn əl-Mubərak, əş-Şafii, Əhməd və İshaqın rəyidir". (ət-Tirmizi, 1130). 

Həmçinin əl-Beyhəqi (Allah ona rəhmət etsin) əz-Zuhridən rəvayət etmişdir ki, İbn Abbas (Allah ondan razı olsun) ölümündən əvvəl siğənin icazəli olması rəyindən dönmüşdür. Bunu Əbu Avənə də "Səhih" əsərində rəvayət etmişdir. 

Bununla yanaşı bir çox səhabə (Əli İbn Əbu Talib, Abdullah ibn əz-Zubeyr) İbn Abbasın (Allah ondan razı olsun) bu rəyini eşitdikdə ona qarşı çıxmış və ona etiraz etmişlər. Muslim "Səhih" əsərində (1407) rəvayət etmişdir ki, Əli (Allah ondan razı olsun) İbn Abbasın (Allah ondan razı olsun) siğəni icazəli görməsini eşitdikdə ona belə demişdir: "Dayan, ey İbn Abbas! Həqiqətən, Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) Xeybər günü müvəqqəti nikahı (siğəni) və ev eşşəyinin ətini haram etmişdir". Həmçinin oxuyun:

Siğə haqqında
Xristianla siğə etmək olarmı?​


İbn Abbas və Aişənin (Allah onlardan razı olsun) əl-Ənam surəsi 145-ci ayəni əsas gətirərək Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) sünnəsində haram olan hər hansı bir şeyi halal etmələri barədə məlumat doğru deyil. 

Teqlər: 
Paylaş: