Namaz qıldığımız zaman nə düşünməliyik?
Aleykum salam. Namaz qıldığımız zaman namazın hikməti, məsluyiyyəti, Uca Allahın böyüklüyü barədə düşünmək, bütün dünyəvi problemlərin Allah sevgisi qarşısında cılız olduğunu bilmək lazımdır. Həmçinin bütün diqqəti namaza yönəltmək üçün namazda deyilən sözlərin (surə, ayə, zikr və duaların) mənasını bilmək və bu barədə düşünmək də faydalıdır. Əyyub əl-Ənsari (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrindən (Allah onlardan razı olsun) birinə belə demişdir: "Namaz qıldığın zaman elə namaz qıl ki, sanki bu qıldığın axırıncı namazdır, Sənin əlvida etdiyin namazdır". (İmam Əhməd, 23498; İbn Məcəh; 4171; əs-Sahihə, 400-401).
Bəkr əl-Muzəni (rahiməhullahu) demişdir: "Qıldığın namazın sənə fayda verməsini istəyirsənsə, onda gərək düşünəsən ki, bu sənin son namazındır". (İbn Racəb "Camiul-Ulum vəl-Hikəm).
Bizdən öncəki, dində bizi saleh əməllərlə ötüb keçmiş insanlar, namaza o qədər aludə olurdular ki, ətrafda baş verənləri sanki görmürdilər. Uca Allah həqiqi möminlərin sifətlərini vəsf edərkən belə buyurur: "O kəslər ki, namazlarında hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha müti olub Ona boyun əyərlər! Allahın qarşısında kiçilərlər!" (əl Mu'minun, 1-2). Həmçinin oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır?