Söyüş söyən insana cavab vermək icazəlidirmi?
Və aleykum Salam.
1) Söyüş söymək dinimizin çəkindirdiyi pis əxlaqi xüsusiyyətlərdəndir. Bir insan digərini söyərsə, qarşı tərəf həddi aşmadan ona cavab verə bilər. Əgər qarşı tərəf böhtan atarsa, ona böhtanla cavab vermək isə haramdır. Uca Allah bu xüsusda buyurur: "Kim sizə qarşı həddi aşmışsa, siz də ona qarşı onun etdiyi qədər qarşılıq verin. Allahdan qorxun və bilin ki, Allah müttəqilərlədir" (əl-Bəqərə, 194); "Günahkarı cəzalandırmaq istəsəniz, sizə nə cəza verilibsə, siz də ona eynilə cəza verin. Əgər səbir etsəniz, bu, səbir edənlər üçün daha xeyirlidir" (ən-Nəhl, 126). Lakin əfv etmək, qarşı tərəfə cavab verməmək daha yaxşıdır. Uca Allah buyurur: "Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir" (əş-Şura, 40). Həmçinin bilmək lazımdır ki, qarşı tərəf cavab vermədiyi müddətcə mələklər söyən insanın cavabını verir. İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dövründə iki kişi bir-birini söydü. (Əvvəlcə) onlardan biri (o birini) söydü, qarşı tərəf isə susdu. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) oturmuşdu. Elə ki, söyülən adam cavab verməyə başladı, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) durub getdi. Peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun): "Nə üçün durub getdin?" - deyə soruşulduqda, o belə dedi: "Mələklər durub getdilər deyə, mən də onlarla birlikdə durub getdim. Nə qədər ki, o susurdu, mələklər söyən adamın cavabını verirdilər. Elə ki, o cavab verdi, mələklər də ondan uzaqlaşdılar". ("Ədəbul-Mufrad" kitabı, 419). Ətraflı oxuyun: