Uca Allahın "Biz Onun elçiləri arasında fərq qoymuruq!" (əl-Bəqərə, 285) ayəsinin mənası nədir?

    26.09.2024
Kimdən: 
Tərlan Zührəbəkli
Sual: 
Salam. Sizə belə bir sualım var. Quranda Bəqərə surəsi 285 də "Biz peyğəmbərləri ayırmırıq" deyir, Ama Bəqərə 253 də isə "Biz Peyğəmbərlərin bəzilərini üstün qıldıq deyir. Həmçinin Ali-imran 84 də "Peyğəmbərlər arasında ayrım etmərik",İsra 55 də isə "Bəzi peyğəmbərləri üstün tutarız" Yəni birində deyirki Peyğəmbərlər arasında fərq qoymarıq, digərində isə deyirki biz peyğəmbərlərin bəzilərin üstün qıldıq. Deməyim odurki bu ayələr arasında ziddəyət varmı? Çünki birində belə deyilir, digərində başqa cür. Təşəkkürlər əvvəlcədən
Cavab: 

Və aleykum Salam. Uca Allah peyğəmbərlərin bəzilərini, bəzilərindən üstün etmişdir. Necə ki Ulul-Əzm (Möhkəm iradə sahibləri) peyğəmbərləri - Nuh, İbrahim, Musa, İsa və Muhəmmədi (onlara Allahın salamı olsun) digər peyğəmbərlərdən, Muhəmmədi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) isə bütün peyğəmbərlərdən üstün etmişdir. əl-Bəqərə surəsinin 253-cü, Ali-İmran surəsinin 84-cü, əl-İsra surəsi 55-ci ayələr məhz buna dəlalət edir. 

əl-Bəqərə surəsinin 285-ci ayəsinə gəlincə, Uca Allah belə buyurur: "Peyğəmbər öz Rəbbindən ona nazil edilənə iman gətirdi, möminlər də iman gətirdilər. Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə iman gətirdilər. Onlar dedilər: ”Biz Onun elçiləri arasında fərq qoymuruq!" Bu ayədə peyğəmbərlərin bəzisinə iman gətirib, bəzisini inkar etməklə onlar arasında fərq qoymaq nəzərdə tutulur. İbn Kəsir (Allah ona rəhmət etsin) bu ayənin təfsirində demişdir:

"Möminlər bütün elçiləri, peyğəmbərləri, Allahın qulları olan bu peyğəmbərlərə və elçilərə göydən endirilən kitabları təsdiq edirlər. Bir qisminə iman gətirib, bir qismini inkar etməklə, onlar arasında fərq qoymazlar. Peyğəmbərlərin bir qismi, Allahın izni ilə digər bir qisminin şəriətini ləğv etsə belə, onların hamısı doğru danışan, insanlara yaxşılıq edən, doğru yolda olan və insanları xeyir yollarına yönəldən kəslərdir. Nəhayət, son peyğəmbər Muhəmmədin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) gətiridiyi şəriətlə bütün peyğəmbərlərin şəriətlərinin hökmü ləğv olundu və bu şəriət Qiyamət qopana qədər davam edəcək və bu ümmətdən bir toplum daim haqq üzərində qalacaq". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: