Övlad duası olurmu?

    22.06.2014
Sual: 
Salam Aleykum.sizden uzr isdeyirem sualima gore.men 2 ildi evliyem ovladim yoxdu.MEN ne duasi edim ovlad ucun?NAMAZ QILIRAM herden namazi dayandirmaq isdeyirem,ama dayandirmiram.Mene deyirler senin seytanin gucludu bu ne demekdir?evvelceden tesekkurlerimi bildirirem.ALLAH RAZI OLSUN.
Cavab: 

Aleykum salam. Övladın olması üçün namazı dayandırmaq yox, çoxaltmaq lazımdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Səbr etməklə və namaz qılmaqla Allahdan kömək diləyin. Həqiqətən, Allah səbr edənlərlədir". (əl-Bəqərə, 153).
İnsanın başına müsibət gəldikdə şeytan onun dini biliklərinin az olmasından istifadə edərək, namazı buraxmaq, Uca Allaha asi olmaq və s. fikirlər təlqin edir. Halbuki, hər kəs bilməlidir ki, Allahın razılığını və Cənnəti qazanmağın yolu dünya həyatında başına gələn müsibətlərə səbr edərək Allahın dini üzərində sabit qalmaqdır. Uca Allah buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan (övlad) və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157).
Ona görə də, dini biliklərimizi artırmaq, Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin həyatını oxumaq, onların Allah yolunda müsibətlərə necə dözdüklərini öyrənmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə buyurmuşdur: "İmtahan və sınaq hər nə qədər böyük olsa, savab və mükafat da bir o qədər çox olar". (əl-Buxari).
Səbir və namazla yanaşı Allaha çoxlu dua etmək və digər xeyirli əməlləri çoxaltmaq lazımdır. Peyğəmbərimiz (salallahu aleyhi və səlləm) bizə  övlad üçün xüsusi dua buyurmasa da, özünüz istədiyiniz kimi və ya Qurani Kərimdə peyğəmbərlərin etdikləri kimi dua edə bilərsiniz: "Bir zaman Zəkəriyyə Rəbbinə dua edərək belə dedi: "Ey Rəbbim! Mənə də Öz tərəfindən pak bir övlad bəxş et! Sən, həqiqətən, duaları eşidənsən!" (Rabbi həb li millə dunkə zurriyyətən tayyibətən, innəkə səmiu-d-dua)". (Ali İmran, 38).
"(İbrahim dedi:) "Ey Rəbbim! Mənə salehlərdən olan bir övlad bəxş et!" (Rabbi həb li minə-s-salihin)". (əs-Saffat, 100).
Duaların ən çox qəbul olunduğu vaxtlardan biri gecənin son üçdə biridir. Odur ki, siz dualarınızı çoxaldın və bacardığınız qədər gecə namazını qaçırmayın. Həmçinin oxuyun: Gecə namazı necə qılınır?
Bütün bunlarla yanaşı, əlbəttə ki, müalicə və digər səbəblərdən də yapışmaq lazımdır. Allah sizə saleh övladlar nəsib etsin!
Daha ətraflı: Duaların qəbul olması üçün nə etmək lazımdır?

Teqlər: 
Paylaş: