Namaz qılanın belinə natəmiz bir şey atıldığı zaman namazı pozulurmu?
Aleykum salam. Bu hal namazı batil etmir. Abdullah ibn Məsud (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) Kəbənin yanında namaz qılarkən Əbu Cəhl və onun dostları (yaxınlıqda bir yerdə) oturmuşdular. Onlardan biri digərlərinə: "Hansı biriniz filan qəbilənin (kəsdiyi) dişi dəvənin döl qişasını gətirib Muhəmməd səcdə edərkən onun belinə qoya bilər?" - dedi. Onların ən bədbəxti gedib onu gətirdi və bir az gözlədi. Nəhayət, Peyğəmbər (salləllahu aleyhi və səlləm) səcdə etdikdə onu Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belinə – kürəklərinin arasına qoydu. Mən (bunu) görürdüm, lakin qarşısını almağa qadir deyildim. Kaş (bunun) qarşısını ala biləcək qədər gücüm olaydı. (Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayətinə davam edib) dedi: "Onlar (barmaqlarını) bir-birlərinə işarə edərək gülməyə başladılar. Allahın Elçisi (salləllahu aleyhi və səlləm) isə səcdədən başını qaldırmırdı. Nəhayət, Fatimə (radiyallahu anhə) onun yanına gəldi və (qişanı) belindən götürüb kənara atdı. Peyğəmbər (salləllahu aleyhi və səlləm) başını qaldırdı və (namaz bitirdikdən) sonra üç dəfə: "Allahım, Qureyşin cəzasını ver!" - dedi. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bəd dua etməsi onlara pis təsir etdi. Çünki onlar bu şəhərdə edilən bədduanın qəbul olunacağına inanırdılar. Sonra Peyğəmbər (salləllahu aleyhi və səlləm) adbaad sayaraq: "Allahım, Əbu Cəhlin cəzasını ver! Utbə ibn Rəbiyənin, Şuheyb ibn Rabiyənin, Valid ibn Utbənin, Umeyyə ibn Xaləfin və Uqbə ibn Əbu Muitin cəzasını ver!" - dedi. O, yeddincisinin də adını çəkdi, lakin rəvayət edən bunu yadda saxlaya bilmədi. (Abdullah ibn Məsud (Allah ondan razı olsun) rəvayətinə davam edib) dedi: "Canım əlində olan Allaha and olsun ki, Allahın elçisinin adlarını çəkdiyi kəsləri (Bədr döyüşündən sonra) Bədr quyularından birində yerə sərilmiş gördüm". (əl-Buxari). Hədisdən məlum olur ki, əgər bu hal namazı batil etmiş olsaydı, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazı yarıda qoyub namazdan çıxardı.