İnsan dua etməklə ömrünü uzada bilərmi?

    03.01.2026
Sual: 
Assalamu aleykum. Qaynanam deyirki dua ilə ömrümüzü uzada bilərik.amma mənim bildiyimə görə doğulduğumuz gün bizim ölüm günümüz alnımıza yazılır və bunu Allahdan bşqa heçkim dəyişdirə bilməz. Sadəcə biz dua ilə ömrümüzün uzun,bərəkətli savablarla dolu keçməyi üçün dua etməliyik. Mən düzmü deyirəm?
Cavab: 

Və aleykum Salam. Ölüm və əcəl Allahın qəzası və qədərindəndir. Uca Allah bunu, məxluqatı yaratmazdan əlli min il əvvəl, Öz dərgahında olan Lövhi-Məhfuzda yazmışdır. Buna görə də onda heç bir dəyişiklik olmaz. Çünki Allah bunu əsla yanılmayan elmi və mütləq həyata keçən iradəsi ilə müəyyən etmişdir. Uca Allah buyurur: "Allah, əcəli çatmış bir nəfsin ölümünü əsla gecikdirməz. Allah nə etdiklərinizdən xəbərdardı" (əl-Munafiqun, 11). Bu, ölüm və əcəlin Allahın bu kainatda yaratdığı səbəb-nəticə qanunundan kənar olduğu anlamına gəlmir. Əksinə, ölüm də bu dünyada təqdir edilən digər bütün məsələlər kimi maddi səbəblər üzərində qurulmuşdur və bu səbəblər də Lövhi-Məhfuzda yazılmışdır. Eləcə də ölümün hər kəsin bildiyi maddi səbəbləri vardır: hündür yerdən yıxılmaq, həyati orqanlara dərin yara almaq, ağır xəstəliklər və buna bənzər hallar. Eləcə də ölümün gecikməsinə və ömrün uzanmasına səbəb olan maddi amillər vardır: sağlamlığı qorumaq, təhlükəli yerlərdən uzaq durmaq və bu kimi tədbirlər. Həmçinin Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəbər verdiyi mənəvi səbəblər də vardır ki, onlar ömrü artırar və əcəli uzadar. Bunlara dua etmək, qohumluq əlaqələrini qorumaq, valideynlərə yaxşılıq etmək və bütün xeyirli əməllər daxildir. Allah Elçisi (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: “Qoy ruzisinin çoxalmasını və ömrünün uzadılmasını istə­yən kimsə, qohumluq əlaqələrini möhkəmləndirsin”. (əl-Buxari, “Ədəbul-Mufrad” 56). Həmçinin buyurur: "Qəzavü-Qədəri yalnız dua geri çevirər, ömrü isə yalnız yaxşılıq və xeyir əməllər artırar" (ət-Tirmizi, 2139). 

Kim bu səbəblərə əməl edərsə, ömrünün artmasına layiq olar; kim isə həyatın səbəblərini tərk edərsə, özünü ölüm təhlükəsinə atmış olar. Lakin bütün bunlar — həm səbəblər, həm də onların nəticələri — Allah qatında başlanğıcı və sonu ilə birlikdə əvvəlcədən yazılmışdır. Onlar dəyişməz, çünki Allah yanında necə olacaqları əvvəldən bəllidir. Qul səbəbləri nə qədər dəyişsə də, bu hökm artıq yazılmışdır: qələmlər qaldırılmış, səhifələr qurumuşdur. Uca Allahın "Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq (açıq-aydın) Yazıda (Lövhi-məhfuzda) yazılmışdır. Həqiqətən, bu, Allah üçün çox asandır" (Fatir, 11) ayəsinin mənasına gəlincə, İbn Abbas (Allah ondan razı olsun) bu ayəni belə təfsir etmişdir:

"Uzun ömür yaşayan elə bir kəs yoxdur ki, ona müəyyən edilən ömür müddətinə çatmasın. Bu hökm artıq verilmişdir. İnsan yalnız onun üçün yazılmış ömür payına qədər yaşayır və bu müddət artırılmır. Eyni şəkildə, qısa ömür yaşayan hər kəs də uzun ömürə çatmaz; o da yalnız onun üçün yazılmış ömür payına qədər çatır. Məhz buna görə Uca Allah buyurur:"Uzunömürlünün uzun ömür sürməsi də, onun ömrünün qısaldılması da, ancaq (açıq-aydın) Yazıda (Lövhi-məhfuzda) yazılmışdır", yəni bütün bunların hamısı Allah qatında olan bir Kitabda yazılmışdır". Həmçinin oxuyun:

Teqlər: 
Paylaş: