"Kukuşka" (Ququ) quşunun çıxartdığı səsin say qədər ömür sürəcəyinə inanmaq doğrudurmu?
Və aleykum salam. Dediyiniz "kukuşka", yəni ququ quşu ilə ömür təyin etmək kimi inanc batildir və İslamda bunun heç bir əsası yoxdur. Bu cür şeylərə inanmaq cahiliyyət əlamətlərindəndir. Ömrün nə qədər olacağını yalnız Allah bilir və bunu nə quş, nə başqa əlamətlər təyin edə bilməz. Uca Allah hər bir insanın öləcəyi vaxtı o hələ ana bətnində olarkən yazmışdır. Abdullah ibn Məsud (Allah ondan razı olsun) Peyğəmbərin (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurduğunu rəvayət edir: “Sizin hər birinizin yaradılışı qırx gün ərzində anasının bətnində cəm olunur, sonra bir o qədər müddət qan laxtası, sonra bir o qədər müddət ət parçası olur. Sonra Allah onun yanına mələk göndərir və ona dörd şey əmr edilir. Allah buyurur: “Əməlini, əcəlini, ruzisini, bədbəxt və ya xoşbəxt olacağını yaz!” ...” (əl-Buxari, 2969, 3208). Uca Allah buyurur: "...Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər". (Yunus, 49). Həmçinin buyurur: "Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlə". (əl-Əraf, 34). İnsanın nə qədər yaşayacağını Allah təyin edib və bu dəyişməz, qorxmaq bunu nə uzadar, nə də qısaldar.
Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur ki, uğursuzluq əlamətlərinə inanmaq doğru deyil və müsəlman belə şeylərə inanmamalıdır. Yaşadığınız hal isə açıq-aşkar vəsvəsədir və şeytan sizin zəif yerinizi tapdığı üçün bu yolla sizi zəiflətmək istəyir. Bu kimi şeylərə inanmaq günahdır və bu inancdan dərhal əl çəkmək lazımdır. Eşitdiyiniz ölüm xəbərlərini özünüzə aid etmək düzgün deyil, bu sadəcə həyatın bir hissəsidir və hər kəsin vaxtı fərqlidir. Sizə düşən imanı gücləndirmək, ibadəti davam etmək və qəlbi bu batil inanclardan təmizləməkdir. Kim Allaha güvənərsə, Allah ona kifayət edər və qəlbinə rahatlıq verər. Həmçinin oxuyun:
Qəza və Qədər nə deməkdir?
Qədərə iman
Qədərə iman gətirməyin faydaları