Namaz qılan insanın faizə pul alıb-verməsi düzgündür?
Aleykum salam. Faiz almaq, vermək və bu işdə vasitəçilik etmək dinimizə görə haramdır və böyük günahlardandır. "Rəsulullah (salləllahu aleyhi və səlləm) ribanı (faiz) yeyənə, yedirdənə (burada faiz alan və verən nəzərdə tutulur), (müqaviləni) tərtib edənə, şahidlik edənə lənət etdi və: "Onlar bərabərdirlər", – dedi". (Muslim).
Uca Allah buyurur: "Sələm (faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar... Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!". (əl-Bəqərə, 275-276).
Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "(Sahibini) həlak edən yeddi günahdan çəkinin...", və onların şirk, sehr etmək, cana qəsdetmək (onu öldürmək), yetimin malını haqsız olaraq yemək, Riba (faiz) yemək, döyüş meydanından qaçmaq və günahsız mömin qadınları zinakarlıqda ittiham etmək – olduğunu bildirmişdir". (əl-Buxari və Muslim).
Həmin insana Uca Allahın ayələri və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) bu barədə əmrləri xatırladılmalı və tövbə edib bu işə son qoyması ilə bağlı nəsihət olunmalıdır. Namaz qılmağa gəlincə, etdiyi günahdan asılı olmayaraq hər kəs namaz qılmalıdır. Həmin adam ixlasla (səmimi şəkildə) namaz qılmalıdır ki, namaz onu pis əməllərdən qorusun. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir...". (əl-Ənkəbut, 45).
Onunla birlikdə yaşayanların həmin qazancdan yemələri məcburiyyət halındadırsa, bu halda onlara günah yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Uca Allah ümmətim üçün səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır".