Mən namazı möhürsüz, amma əliaçıq qılıram. Düz edirəmmi?
Ümumiyyətlə namaz Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin qıldığı şəkildə qılınmalıdır, çünki ibadətin qəbul olunmasının şərtlərindən biri onu Peyğəmbərin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) etdiyi kimi etməkdir. Malik ibn əl-Huveyrisin (Allah ondan razı olsun) rəvayət etdiyinə görə Peyğəmbərimiz (salləllahu aleyhi və sələm) səhabələrinə belə demişdir: "Məni necə namaz qılan gördünüzsə, siz də elə namaz qılın". (əl-Buxari, 631; Muslim; əl-Albani "Sıfətu Salətun-Nəbiyyu" kitabı, səh. 189).
Namazın səhih hədislərə əsasən qılınma qaydasını saytımızdakı NAMAZ səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz.
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) möhürlə namaz qılmamış və başqalarına bunu əmr etməmişdir. Bu haqda səhih mənbələrdə heç bir məlumat yoxdur.
Sağ əli sol əlin üzərinə qoymaqla bağlı 18 səhabə və onların tabiinləri Rəsulallahdan (salləllahu aleyhi və səlləm) 20 hədis nəql etmişlər. Məsələn, Vail ibn Hucr (Allah ondan razı olsun) demişdir: "..Mən Peyğəmbərin (salləllahu aleyhi və səlləm) namazı necə qıldığına baxmağı qərara aldım. Ona baxdım, o qalxdı və təkbir gətirdi, əllərini qulaqlarının səviyyəsinə çatana qədər qaldırdı. Sonra sağ əlini sol əlinin, biləyinin və qolunun üzərinə qoydu...". (Əbu Davud, 726).