Anam qorxur ki, namaza başlasa vaxtında qıla bilməyib günah qazanacaq
Aleykum salam. Namaz qılmamaq üçün heç bir bəhanələr və üzrlər qiyamət günü Uca Allahın hüzürunda qəbul olunmayacaq. Qiyamət günü bəndədən ilk soruşulan əməl, məhz namaz olacaq və namazı əvəz edə biləcək bir əməl də yoxdur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə demişdir: "Qiyamət günü insanın ilk soruşulacağı əməl namazdır, əgər namazları öz qaydasında olarsa, qalib gəlib nicata çatar, yox əgər öz qaydasında olmazsa, uduzub xəsarətə uğrayar". (ət-Tirmizi, 413; ən-Nəsai, 1/232; Əbu Davud, 864).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurub: "Allah bəndələrinə beş vaxt namaz fərz etmişdir. Kim bu namazları qılıb, heç bir naqisliyə yol vermədən, qədrini alçaltmadan yerinə yetirərsə, cənnətə daxil olacağı haqqında Allah yanında əhdi olar. Kim bu namazları qılmazsa Allah yanında əhdi olmaz. İstəsə ona əzab verər, istəsə onu bağışlar". (İbn Macəh; Malik; İmam Əhməd; Əbu Davud).
Göründüyü kimi, heç namaz qılmamaq vaxtında namaz qıla bilməyib qəza etməkdən qat-qat böyük günahdır. Kimsə namazı vaxtında qıla bilməyəcəyindən ehtiyat edərsə, zöhrlə əsr namazlarını birləşdirib zöhrün və ya əsrin vaxtında, məğriblə işa namazlarını da birləşdirib məğribin və ya işanın vaxtında qılmağa icazə verilir. Amma bu, adət halını almamalıdır. İnşallah, tezliklə namaza başlasın, o və siz Uca Allaha onun namaz qılmasını asanlaşdırması və şərait yaratması üçün dua edin. Həmçinin oxuyun: Namazın qılınma qaydası - VİDEO