"əl-Məun" surəsinin izahı

    10.10.2014

Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Dini yalan sayan o kimsəni gördünmü?
2. O elə adamdır ki, yetimi qovar
3. və heç kəsi yoxsulu yedirtməyə sövq etməz.
4. Vay halına namaz qılanların –
5. o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar.
6. Onlar riyakarlıq edir
7. və az bir şey verməkdən belə imtina edirlər.
əl-Məun (Xırda-xuruş) surəsinin izahı

Dini yalan sayan o kimsəni gördünmü?
Bu ayədəki müraciət hər bir kəsə ünvanlanır. Burada “dini” dedikdə Qiyamət günü əməllərə görə veriləcək cəza və mükafat nəzərdə tutulur. Çünki din sözünün bir mənası da əvəz, qarşılıq deməkdir. Qiyamət günü insanın etdiklərinə görə əvəz alacağını yalan sayan kimsələr belə deyirlər: “Məgər biz öldükdən, sür-sümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımızmı dirildiləcəklər?" (əs-Saffat, 16-17). Həmçinin belə deyirlər: "Çürümüş sümükləri kim dirildə bilər?" (Ya sin, 78).

O elə adamdır ki, yetimi qovar
O elə adamdır ki, nəvazişə və mərhəmətə hamıdan daha çox ehtiyacı olan yetimə rəhm etməz. Yetim həddi-büluğa çatmadığı halda atası vəfat edən uşağa deyilir. Yetim atasını itirdiyinə görə qəlbi sınmış və himayədara möhtac qalmışdır. Ona görə də Qurani-Kərimdə və Peyğəmbərin səhih hədislərində yetimə yaxşılıq etməyin çox böyük savab olduğu qeyd olunur. Buna baxmayaraq bu adam yetimə sərt üzünü göstərərək qovur. Yetim bu adamın yanına nəsə istəmək və ya nəsə soruşmaq üçün gəldikdə onu təhqir edər, ona acıqlanıb itələyər və rəhm etməz. Həmçinin, bu adam başqalarını da rəhm etməyə sövq etməz.

və heç kəsi yoxsulu (miskini) yedirtməyə belə sövq etməz
Miskin yeməyə möhtac olan yoxsul adama deyilir. Bu adam daş qəlbli olduğundan heç kəsi miskini yedirtməyə belə həvəsləndirməz. Onun qəlbində nə yetimə, nə də yoxsula qarşı mərhəmət hissi yoxdur. Sonra Uca Allah buyurur:      

Vay halına namaz qılanların – o şəxslərin ki, onlar namazlarında səhlənkardırlar
“Vay halına” xəbərdarlıq bildirən kəlmədir. Bu ayədə namazlarına laqeyd yanaşanlara ciddi xəbərdarlıq edilir. Bu o kəslərdir ki, namaz qılarlar, lakin namazlarına əhəmiyyət verməz, onu layiqincə yerinə yetirməz və onun fəzilətli vaxtını gecikdirərlər. Həmçinin, namaza daxil olduqda qiyamı, rukunu, səcdəni, eləcə də namazda oxunan Quran ayələrini və zikrləri layiqincə yerinə yetirməzlər. Məhz belələri namazlarında səhlənkardırlar.
 
Onlar riyakarlıq edir
Onlar xeyirxah əməllər etdikdə Allaha yaxınlaşmaq deyil, insanların rəğbətini və hörmətini qazanmaq məqsədini güdürlər. Onlar sədəqəni insanlar “nə səxavətli insandır” tərifləsinlər deyə verirlər. Həmçinin, namazı insanlar “onun namazı nə gözəldir” tərifləsinlər deyə gözəl bir şəkildə qılırlar. Onlar ibadəti Allah üçün etməklə yanaşı insanların da tərifini güdürlər. Məhz belələri riyakardırlar.
 
və az bir şey verməkdən belə imtina edirlər
“əl-məun” sözü qab-qacaq deməkdir. əl-Məun o şeylərdir ki, onları insanlara vermək vacibdir. Məsələn, bir insan qaytarmaq şərti ilə istifadə etmək üçün gəlib: “Mənim vedrəyə ehtiyacım var”, və ya “İçmək üçün qaba ehtiyacım var”, yaxud “Elektrik lampasına ehtiyacım var” – deyərək buna bənzər şeylər istəyir.
Bu cür şeyləri verməkdən imtina etmək iki növdür:
Birincisi: İnsanın buna görə günah qazanması.
İkincisi: İnsanın buna görə günah qazanmaması, lakin savabdan məhrum olması.
Vacib olan şeyləri verməkdən imtina etmək günah, vacib olmayan şeyləri verməkdən imtina etmək isə günah sayılmır. Məsələn, bir kəs bir insanın yanına gəlib belə deyir: “Mənə su ver, su içməsəm, ölə bilərəm”. Bu vəziyyətdə olan insana bir qab su vermək vacibdir, bunu ondan əsirgəmək isə günahdır. Hətta bəzi İslam alimləri belə demişlər: “Əgər bu insan ölərsə, onun ailəsinə qanbahası verilməlidir. Çünki həmin insan vacib olduğu halda verməkdən imtina etdiyinə görə onun ölümünə səbəb olmuşdur”. 
Uca Allah Qurani-Kərimi yalnız tilavət etmək üçün deyil, həmçinin, onun buyurduğu gözəl əxlaqi keyfiyyətlərə sahib olmaq üçün nazil etmişdir. Rəvayət edilir ki, Aişədən Peyğəmbərin - sallallahu aleyhi və səlləm - əxlaqı barədə soruşduqda, o belə demişdir: "Peyğəmbərin əxlaqı Quran idi". Yəni o, Quranda buyurulan gözəl əxlaqi keyfiyyətlərə sahib olmuşdu. Ona görə də hər bir müsəlman Qurani-Kərimi öyrənərək öz əxlaqını pisliklərdən təmizləyib gözəlləşdirməyə çalışmalıdır. 

Paylaş: