İmam Hüseynin Cənnətlə müjdələnməsi
İmam Hüseyn dünyada ikən Peyğəmbər tərəfindən Cənnətlə müjdələnmişdir. Rəvayət edilir ki, bir dəfə Peyğəmbər Hüseyni göstərib demişdir: “Kim Cənnətdəki cavanların ən hörmətlisini görmək istəyirsə, buna baxsın.” (Səhih ibn Hibban, 237).
Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Ataları Əli isə onlardan da xeyirlidir”. ( Müstədrək əl-Hakim, 3/167).
O həmçinin demişdir: “Həsən və Hüseyn Cənnətdəki cavanların ən hörmətlisi olacaqlar. Yalnız xala uşaqları – Məryəm oğlu İsa və Zəkəriyya oğlu Yəhya istisnadır. Fatimə də Cənnətdəki qadınların ən hörmətlisi olacaq. Yalnız İmranın qızı Məryəm istisnadır”. (Sünən ən-Nəsai, 8169).
İmam Hüseyn Allah yolunda şəhid olmuşdur. Şəhidlər haqqında isə Uca Allah Qurani Kərimdə belə buyurur:
“Allah yolunda öldürülənləri əsla ölmüş sanma. Əksinə, onlar diridirlər, özlərinin Rəbbi yanında onlara ruzi verilir. Onlar Allahın Öz lütfündən onlara verdiyi nemətlərə sevinir, arxalarınca gəlib hələ onlara çatmamış kəslərin heç bir qorxu ilə qarşılaşmayacaqlarına və onların kədərlənməyəcəklərinə fərəhlənirlər. Onlar Allahın nemətinə, lütfkarlığına, həm də Allahın möminlərin mükafatını heçə çıxarmayacağına sevinirlər”. (Ali-İmran surəsi, 169-171).