Günahlar savabları yuyub aparırmı və digər suallar
Aleykum salam.
1) Şəriətdə Şirk və Riyadan (ikiüzlülük, göstəriş üçün əməl etmək) başqa digər günahların savabları silib aparması haqqında məlumat verilmir. Uca Allah buyurur: "Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan" (əz-Zumər, 65-66).
Allah Rəsulu (salləllahu aleyhi va səlləm) buyurub ki: "Ümmətim üçün qorxub ehtiyat etdiyim əməllərdən biri də riyadır. O hansı əmələ daxil olarsa, onu puç edər". (Buxari, Muslim).
Yaxşı əməllər isə günahları silib aparır, lakin böyük günahlara görə tövbə etmək və onlara bir daha qayıtmamaq lazımdır. Uca Allah buyurur: "Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır" (Hud, 114). Böyük günahlara misal olaraq, zina etmək, sələm (faiz) yemək, oğurluq, namaz qılmamaq, hicab geyinməmək və s. göstərmək olar.
"Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər". (əl-Furqan, 70).
Həmçinin, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) buyurmuşdur: "Pisliyin ardınca yaxşılıq et ki, bu yaxşılıq, həmin pisliyi silib aparsın". (ət-Tirmizi, 1987).
Məsələn, namazın günahlar üçün kəffarə olması barədə bir çox hədislər rəvayət olunmuşdur. Hədislərdən birində Abdullah ibn Məsud (Allah ondan razı olsun) belə nəql edir: "Bir nəfər peyğəmbərin yanına gəlib, naməhrəm bir qadını öpdüyünü ona xəbər verdi və bunun nə dərəcədə günah olduğunu öyrənmək istədi. Uca Allah da bu ayəni nazil etdi: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır" (Hud, 114). Adam soruşdu: "Ey Allahın Elçisi! Bu hökm yalnız mənə aiddir?" Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurdu: "Bu, ümmətimdən olan hər kəsə aiddir!" (əl-Buxari, 526).
2) Tövbəni pozduqda yenidən tövbə etmək lazımdır. Daha ətraflı:
Tövbəni dəfələrlə pozmaq böyük günahdırmı?
Günahdan necə əl çəkim?
3) Bu sıxılma şeytanın vəsvəsəsi və ya sehr nəticəsində ola bilər. Buna əhəmiyyət verməyərək Allaha itaəti çoxaltmaq lazımdır ki, bir müddət sonra Allahın izni ilə keçib getsin. Bu halın baş verməməsi üçün az ibadət etmək fikri isə səhvdir. Daha çox Qurani Kərim oxumaq (həm azərbaycanca tərcümə, həm ərəbcə), evdə Quran oxunmasına qulaq asmaq (çünki şeytan belə evdən qaçır), namaz qılmaq, zikrləri etmək (namazdan sonra, yatmazdan əvvəl, evdən çıxarkən və evə gələrkən, ayaqyoluna girərkən və s.), dini bilikləri artırmaq və s. xeyirli əməlləri çoxaltmaq lazımdır. Uca Allah buyurur: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə rahatlıq tapmışdır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır". (ər-Ra'd, 28).