Günahlar tövbəsiz bağışlana bilərmi?

    21.01.2015
Kimdən: 
ramil
Sual: 
Salam.Tövbesiz bağışlanan günah var? Varsa hansı günahlardır?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə unutmayın ki, hər bir böyük günahdan sonra tövbə etmək zəruridir. Uca Allah buyurur: "Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah Biləndir, Müdrikdir". (ən Nisə, 17).
Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Uca Allah gündüz günah edənlərin tövbələrini qəbul etmək üçün gecə əlini uzadır. Gecə günah edənlərin tövbələrini qəbul etmək üçün də gündüz əlini uzadır. Bu, (Qiyamət günü) günəşin şərqdən doğma (əks tərəfdən çıxma) vaxtına qədər belədir". (Muslim, 2759).
Lakin kiçik günahlar istiğfarla da (Allahdan bağışlanma diləməklə) bağışlanır: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər". (Ali İmran, 135).
"Sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin təqsirlərinizdən keçər və sizi şərəfli bir keçidə (Cənnətə) daxil edərik". (ən-Nisə, 31).

Bilmədən və ya unutqanlıqdan dolayı günah etmək üzürlü hal sayılır: "...Səhvən (bilmədən) etdiyiniz əməllərdə sizə heç bir günah yoxdur. Lakin qəlbinizin qəsdlə etdiyi işlərdən ötrü (sizə günah var). Allah Bağışlayandır, Rəhmlidir". (əl-Əhzəb, 5).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, (səhvən, qəsdsiz), unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır". (İbn Məcəh, 2043).
Müsibətlər, sınaqlar, xəstəliklər və s. də günahlara kəffarə ola bilər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Heç bir günah olmadan Allah ilə görüşənə kimi mömin kişi və ya mömin qadınların özləri, övladları və mal-mülkü ilə bağlı imtahanlar, sınaqlar gəlməyə davam edir". (ət-Tirmizi, 2399).
"Allah, bir bəndəsinə xeyir istəyirsə, bu dünyada onun cəzasını tezləşdirir. Quluna xeyir istəmədikdə qiyamət gününə qədər onun cəzasını ertələyir və qul bütün günahları ilə gəlir". (ət-Tirmizi, 2396).
Həmçinin dəstəmaz, namaz, oruc, zəkat və s. saleh əməllər də günahlara kəffarə ola bilər. Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Dəstəmazı qaydasında olan adamın günahları bədənindən dırnaqlarının altından kir çıxan kimi çıxar". (Muslim, 3/133).
"Beş vaxt namaz, Cümədən digər cüməyə qədər, Ramazandan digər Ramazana qədər olan vaxtda böyük günahlardan çəkindiyin təqdirdə aralarında keçən (kiçik) günahlara kəffarədir". (Muslim, 1/209).
Həmçinin oxuyun: Günahlar savabları yuyub aparırmı?

Teqlər: 
Paylaş: