Quranda namazların səsli və ya səssiz qılınması barədə ayə varmı?
Salam aleykum.
Uca Allah əl-İsra surəsinin 110-cu ayəsində buyurur: "Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut". Bu ayənin nazilolma səbəbi barədə İbn Abbas (Allah ondan razı olsun) demişdir: "Bu ayə İslamın əvvəllərində, Peyğəmbər (Allahın ona salavatı və salamı olsun) Məkkədə gizli dəvət apararkən nazil olmuşdur. O, səhabələri ilə birlikdə namaz qıldığı zaman Quranı uca səslə oxuyardı. Müşriklər də bunu eşitdikdə həm Quranı, həm onu nazil edəni, həm də onu gətirəni söyərdilər. Uca Allah da Peyğəmbərinə (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bu ayəni nazil etdi: "(Ey Peyğəmbər) Namazını nə uca səslə", yəni müşriklər oxuduğunu eşidib Quranı təhqir etməsinlər, "nə də pıçıltı ilə qıl", yəni səhabələr nə oxuduğunu eşitsinlər. "Bunların arasında orta bir yol tut". (Səhih əl-Buxari, 4722).
Bu ayənin təfsirində həmçinin belə deyilir: "Beş vaxt namaz Merac gecəsində vacib (fərz) buyurulmuşdur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) də bu tarixdən sonra Məkkədə qıldığı namazların hamısını səsli qıldırırdı. Ancaq Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) səsli namaz qılmasını eşidən müşriklər, dinlədikləri ayələrə öz şeirlərini də qoşaraq harda gəldi oxuyardılar və beləliklə də insanların fikrini qarışdırmağa çalışırdılar. Bununla da kifayətlənməyərək ayələri eşidəndə onları göndərənə və gətirənə söyərdilər. Bundan sonra "əl-İsra" surəsinin 110-cu ayəsi nazil oldu: "...Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut!" (əl-İsra, 110). Bundan sonra peyğəmbər (salləllahu aleyhi və səlləm) zöhr (günorta) və əsr namazlarını səssiz, məğrib (axşam) namazı onların yemək, işa (gecə) və sübh (səhər) namazının vaxtı da yatmaq vaxtı olduğundan bu namazları səsli oxuyardı. Cümə və bayram namazları da hicrətdən sonra Mədinədə vacib buyuruldu. Burada müşriklərin təzyiqləri olmadığı üçün, həmin namazlar gündüz vaxtı qılınmalarına baxmayaraq səsli qılınırdı. Məkkə dövründə islama dəvət edərkən müsəlmanların necə çətinliklərlə qarşılaşıldığının bilinməsi üçün bu tərtibat qiyamətə qədər belə saxlanıld". (İbn Cərir ət-Tabəri, əl-Qurtubi və başqaları).
Həmçinin təfsir alimləri bu ayənin də səsli və səssiz namazlara aid olduğunu deyirlər: "Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma". (əl-Əraf, 205). Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Namazı mənim qıldığım kimi qılın!" (əl-Buxari).