Ən xeyirli səhabə kim olub?
Aleykum salam. Hədislərə əsasən, səhabələrin arasında ən fəzilətlisi dörd xəlifədir -- Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun). Sonra isə cənnətlə müjdələnən on səhabənin digərləridir. Rəsulullah (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Peyğəmbərindən sonra bu ümmətin ən xeyirlisi Əbu Bəkr, sonra Ömərdir". (İmam Əhməd).
Başqa bir hədisdə, Rəsulullah (salləllahu aleyhi və səlləm) belə buyurub: "Məndən sonrakı iki kişiyə, Əbu Bəkr və Ömərə tabe olun!" (ət-Tirmizi; İmam Əhməd; İbn Məcəh).
Osman ibn Affan (Allah ondan razı olsun) haqqında deyilmişdir ki: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) çətinlik ordusunu (Təbuk səfərinə çıxacaq ordunu) hazırlayarkən paltarının içində min dinarla Rəsulullahın yanına gəldi və onları peyğəmbərin qucağına tökdü. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) əli ilə onları qarışdıraraq, "Bu gündən sonra etdiyi İbni Affana zərər verməz!", - buyurmaqla bu sözü təkrarlardı. (İmam Əhməd).
Əli ibn Əbu Talib (Allah ondan razı olsun) haqqında Rəsulullah (salləllahu aleyhi və səlləm) Xeybərin fəthi zamanı demişdir: "Sabah bayrağı, əli ilə fəthin həyata keçəcəyi, Allahı və Rəsulunu sevən, Allahın və Rəsulunun da onu sevdiyi bir adama verəcəyəm". İnsanlar o gecələrini, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Səhabələrin hər biri bayrağın ona verilməsinə ümid edirdilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) səhər: "Əli haradadır?", - deyə soruşur. Peyğəmbərə (salləllahu aleyhi və səlləm) deyilir ki: "Əlinin gözü ağrıyır, özünü pis hiss edir". Rəsulullah (salləllahu aleyhi və səlləm), mübarək ağzının suyunu Əlinin (radıyəllahu anhu) gözlərinə sürtür, onun üçün dua edir və Əlinin gözləri sağalır. Sanki əvvəl heç ağrımırmış kimi olur. Peyğəmbər (salləllahu aleyhi və səlləm) daha sonra bayrağı ona verir. Əli: "Onlar da bizim kimi oluncaya qədər onlarla vuruşacağam", - deyir. Bunu eşidən Rəsulullah belə buyurur: "Onların sahəsinə çatana qədər yavaşca get. Sonra onları İslama dəvət et və onlara vacib olan şeyləri xəbər ver. Allaha and olsun ki, Allahın sənin əlinlə bir nəfərə hidayət verməsi sənin üçün qırmızı dəvələrdən (yəni ən qiymətli dünya mallarından) daha xeyirlidir". (əl-Buxari; Muslim). Həmçinin oxuyun:
Səhabələr kimlərdir?
Əbu Bəkr əs-Siddiq
Ömər ibn Xəttab
Əli ibn Əbu Talib