Ərimin içki içməsinə dözə bilmirəm, nə edim?

    15.03.2015
Sual: 
Birde erim icki icendir ne ayrila bilmirem ne doze.ne edim
Cavab: 

Salam aleykum. İçki içmək böyük günahlardandır və mütləq ərinizi bundan çəkindirməyə çalışmalısınız. Daha ətraflı: İçki içməyin günahı
Bilməlisiniz ki, müsəlman qadın əri dindən çıxmadıqca, ona itaət etməli və onunla gözəl davranmalıdır. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Bir qadın beş vaxt namazını qılar, namusunu qoruyar və ərinə itaət edərsə, istədiyi qapıdan cənnətə daxil olar". (İmam Əhməd).
Ərinizin bu günah əməli tərk etməsi üçün əvvəlcə Uca Allaha çoxlu dua etməli və dualarınızın qəbul olması üçün səy göstərməlisiniz. Yəni, Uca Allahın razılığını qazanmaq üçün namaz qılmaq, sədəqə vermək, valideynlərə yaxşılıq etmək və digər xeyirli əməlləri çoxaltmalı, həmçinin duanın qəbul olunan vaxtlarında da dua etməlisiniz (məsələn, namazın sonunda, səcdə vəziyyətində, gecənin son üçdə birində və s.). Daha ətraflı:
Duaların qəbul olması üçün nə etmək lazımdır?
Duanın qəbul olan vaxtları hansılardır?

Namaz qılmaqla yanaşı islam əxlaqına yiyələnmək və gözəl əxlaqınızla ərinizə nümunə olmaq lazımdır. Ola bilsin ki, bir müddət sonra əxlaqınız ərinizə də təsir etsin və ya o sizin əxlaqınıza baxıb özünü düzəltsin. Xüsusən bu əməlləri etməyiniz faydalı olardı:  Gözəl geyinmək və əriniz üçün bəzənmək, gülərüz olmaq, ərinizin sevdiyi yeməkləri bişirmək, çox mübahisə etməmək, ərinizin sizə kobudluğuna səbr etmək (çünki, Allah səbr edənlərlədir) və s. Bununla yanaşı onun kefinin yaxşı olduğu vaxtlarda içkinin günahı haqqında ayə və hədisləri xatırlatmalısınız. Bu səylərin nəticə verməsi üçün Allaha çoxlu dua edin, çünki qəlblər Allahın əlindədir. 
Həmçinin bilməlisiniz ki, içki stolunda oturmaq həmçinin stola içki gətirmək, onu süzmək və digər şeylər haramdır və bunları etməməlisiniz. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah içkini sıxana, sıxdırana, içənə, daşıyana, daşıdana, təqdim edənə, satana, pulunu yeyənə, satın alana və aldırana lənət etmişdir". (ət-Tirmizi: "əl-Buyu", 59; Əbu Dəvud: "Əşribə", 2).
Həmçinin demişdir: "Allaha və axirət gününə iman gətirən kəs içki içilən süfrə başında oturmasın".
Uşaqlarınız varsa, onlara pis təsir göstərdiyini əsas gətirərək evdə içki içməməsini gözəl tərzdə xahiş edə bilərsiniz. Allaha dua edirik ki, sizi və ailənizi şeytanın şərindən qorusun. Həmçinin oxuyun: Namaz qılmaq qaydası - VİDEO

Teqlər: 
Paylaş: