əl-Bəqərə surəsinin 214-cü ayəsi haqqında
Aleykum salam. Uca Allah buyurur: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: “Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə, 214).
Bu ayənin təfsirində deyilir:
"Allah Təalə bu ayə ilə xəbər verir ki, qullar, onlardan əvvəlki nəsillər sınaqdan keçirildikləri kimi, hökmən firavanlıqla, bədbəxtliklə və ya çətinliklərlə imtahana çəkiləcəklər. Bu, Allahın müəyyən etdiyi qanundur, həmişə qüvvədə qalır və dəyişikliyə uğramır. Əgər insan dini əqidəyə malikdirsə və Allahın qanunlarına riayət edirsə, onda o, hökmən bu sınaqdan keçməlidir və əgər o, bu yolda qarşıya çıxan çətinliklərə baxmadan Allahın hökmlərini səbirlə yerinə yetirirsə, onda o, əsil mömindir və ən yüksək səadətə və əzəmətə nail olacaqdır. Yox, əgər o, insanların onu yoldan çıxarmasını Allahın cəzası kimi qəbul edirsə və fəlakətlər və çətinliklər üzündən düz yoldan dönürsə, əgər sınaqlar onu müəyyən olunmuş yolla getməyə mane olursa, onda onun imanlı olması iddiası yalandır. İman gözəl sözlər, təmtəraqlı istəklər və boş ifadələr üzərində qurulmamışdır – o, insanın əməlləri və fəaliyyəti ilə ya təsdiq olunur, ya da inkar edilir. Uca Allah bildirir ki, əvvəlki insanların nəsillərini də səfalət və cismani xəstəliklər bürüyərdi. Onları ölümlə, sürgünlə, əmlakından məhrum etməklə və sevgilisinin qətli ilə təhdid edərdilər və bəzən çətinliklər o qədər dözülməz olurdu ki, möminlər hətta Allahın köməyinin gecikdiyini güman edirdilər, halbuki onlar onun gələcəyinə qəti əmin idilər. Uca Allah vəziyyətin yüngülləşdirilməsini çətinliklərdən sonra nazil etdiyinə görə, köməyini sıxıntılı vəziyyətdə qalanlara göstərir. Allah ayədə xəbər verir ki, Allahın köməyi yaxındır. Öz vəzifəsini yerinə yetirən hər bir kəs labüd olaraq sınaqlarla rastlaşır və onlar hər dəfə daha mürəkkəb və daha ciddi forma kəsb edir. Əgər o, layiqincə səbirlilik göstərib, öz vəzifələrini yerinə yetirməkdə davam edirsə, onda belə sınaqlar onun üçün nemətə çevrilir, çətinliklər isə əmin-amanlıq və rahatlıqla əvəz olunur. O, öz düşmənləri üzərində qələbə çalır və qəlbinin əziyyət çəkdiyi xəstəliklərindən şəfa tapır. Bu barədə Uca Allah buyurur: "Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz Cənnətə daxil olacaqsınız?" (Ali İmran, 142).
"İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!"– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır" (əl-Ənkəbut, 2-3)
Bir sözlə, insan sınaq zamanı özünü ya böyüklük qazanmağa, ya da alçaldılmağa düçar edir" (Səədi təfsiri)
Həmçinin oxuyun: Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?