Murdar şeyləri təmizləməyin yolu

    10.03.2015

Bilmək lazımdır ki, bizə nəyinsə murdar və ya murdaredici olduğunu öyrədən şəriət, onlardan təmizlənməyin üsullarını da öyrətmişdir. Bizim üzərimizə düşən vacib məsuliyyət bu göstərişlərə tebe olmaq və lazımi qaydada riayət etməkdir. Əgər şəriətdə nəyinsə təmizlənməsi üçün murdar şeyin rəngi, iyi və dadı itənə qədər yuyulması əmr olunursa, demək onun təmizlənməsi belə olmalıdır. Yaxud nəyinsə təmizlənməsi üçün su tökmək, su çiləmək, qaşımaq, yerə sürtmək yaxud təmiz torpağın üzərində gəzmək deyilibsə, demək təmizlənmə də belə olmalıdır.
Murdar şeylərin təmizlənməsi üçün istifadə olunan əsas maddə sudur. Çünki şəriət sahibi suyu, "Allah, suyu təmizləyici yaratmışdır" – sözləri ilə vəsf etmişdir. Murdar şeylərin təmizlənməsi üçün şəriət, sudan əlavə bir vasitə qeyd etməmişdirsə o zaman su ilə təmizləmək lazımdır. Təmizləyici olduğunu bildiyimiz bir şeyi tərk edib, təmizləyici olmasında şübhə etdiyimiz maddələri istifadə etmək, şəriət qaydalarından kənara çıxmaqdır.[1]
Bu qayda ilə tanışlıqdan sonra, sizə şəriətin murdar və ya murdarlaşmış şeylərin təmizlənməsi qaydalarını xatırladıram:
1. Ölmüş (haram olmuş) heyvan dərisinin aşılanaraq təmizlənməsi:
İbn Abbas (A.R.O.) Peyğəmbərdən (S.A.V.) belə eşitdiyini deyir: "Ölmüş (haram olmuş) heyvanın dərisi aşılanarsa, təmiz olar"[2].
2. İt yalayan qabın təmizlənməsi:
Əbu Hureyrə (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Biriniz, it yalayan qabını təmizləmək istədikdə, onu birincisi torpaq, qalanları isə su ilə yeddi dəfə yusun"[3]
3. Aybaşı qanına bulanmış paltarın təmizlənməsi:
Əsma binti Əbu Bəkr (A.R.O.) deyir ki, bir qadın Peyğəmbərin (S.A.V.) yanına gəlib dedi: "Bəzən paltarımıza aybaşı qanı dəyir, biz nə edək?" O dedi: "Həmin yeri qaşıyıb, su ilə ovxaladıqdan sonra yuyub, o paltarda namaz qıla bilərsən"[4].
Bundan sonra qanın paltarda qalan izinin heç bir zərəri yoxdur.
Əbu Hureyrə (A.R.O.) deyir ki, Xovlə binti Yəsar dedi: Ey Allahın elçisi, mənim yalnız bir libasım var və aybaşı olarkən həmin paltar əynimdə olur. Mən necə edim? Peyğəmbər (S.A.V.) dedi: "Təmizləndikdən sonra qan dəymiş yeri yu sonra həmin paltarda namaz qıl." Qadın: Ey Allahın elçisi, əgər ləkəsi getməsə? Peyğəmbər (S.A.V.): "Su ilə yuman kifayətdir, onun ləkəsinin qalması sənə bir zərər verməz"[5].
4. Qadın paltarının yerlə sürünən hissəsinin təmizlənmə qaydası:
İbrahim ibn Əbdürrəhman ibn Ovfin uşaqlarından birisinin anası, Peyğəmbərin (S.A.V.) yoldaşı Ummu Sələmədən soruşur: "Mən uzun ətəyli paltar geyinən qadənlardanam. Hərdən, natəmiz yerlərdən keçirəm, mən necə edim? Ummu Sələmə deyir ki, Peyğəmbər (S.A.V.) demişdir: "Ondan sonra gələn (yəni, paltarın sürtüldüyü pak torpaq) onu təmizləyir"[6].
5. Paltarın, südəmər uşağın sidiyindən təmizlənməsi:
Peyğəmbərin (S.A.V.) xidmətçisi Əbu -s- Səmh onun belə dediyini rəvayət edir: "Qız uşağının sidiyi dəymiş paltar yuyulur, oğlan uşağının sidiyi dəymiş paltara isə su çiləmək kifayət edir"[7].
6. Paltarın məzidən təmizlənməsi:
Səhl ibn Huneyf (A.R.O.) deyir ki, mən məzidən çox əziyyət çəkir və buna görə çox çimirdim. Sonra bu haqda Peyğəmbərə (S.A.V.) xəbər verdikdə o dedi: "Buna görə təkcə dəstəmaz almağın kifayətdir". Mən dedim: Ey Allahın elçisi, bəs paltarıma dəyənini necə edim? O dedi: "Bir ovuc su alıb batan yerin üzərinə tökməyin kifayətdir".[8]
7. Ayaqqabının altının təmizlənməsi:
Əbu Səid (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Biriniz məscidə gələndə ayaqqabısını çevirib altına baxsın. Əgər orada murdar bir şey görsə ayaqqabını yerə sürtsün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılsın"[9].
8. Yerin təmizlənməsi:
Əbu Hureyrə (A.R.O.) deyir ki, bir nəfər bədəvi məscidin içərisinə yüngül subaşına çıxdı. Bəziləri qalxıb ona mane olmaq istəyəndə Peyğəmbər (S.A.V.) dedi: "İşiniz yoxdur. O işini bitirdikdən sonra oraya bir qab su tökün. Həqiqətən siz çətinləşdirən yox, asanlaşdıran göndərilmisiniz"[10].
Bu hadisə zamanı Peyğəmbər (S.A.V.) məscidin dərhal təmizlənməsi üçün oraya su tökülməsini əmr etmişdi. Əgər həmin yer qalıb qurusaydı və nəcisdən əsər-əlamət qalmasaydı həmin yer pak sayılardı. Çünki Peyğəmbərin (S.A.V.) vaxtında belə edərdilər[11].

 
[1] əs-Seylul Cərrar: 1/ 48/ 42 (ixtisar edilmiş formada). Diqqət! Hafiz ibn Həcər ət-Təlxisul Həbir adlı kitabında (1/ 14)- də/ "Allah/ suyu təmizləyici yaratmışdır" – rəvayəti haqqında deyir: (kitablarda) belə rəvayət tapa bilməmişəm. Əvvəldə Əbu Səidin rəvayət etdiyi hədisdə (bu mənaya yaxın olan) rəvayət qeyd etmişdirk: "Su təmizləyicidir və onu heç nə murdar etmir" (s.s.).
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: 511. Müslim: 1/ 277/ 366. Əbu Davud: 11/ 181/ 4105.
[3] Hədis səhihdir: Səhih əl-Cəmi əs-Səğir: 3933. Müslim: 1/ 234/ 279.
[4] Buxari: 1/ 410/ 307. Müslim: 1/ 240/ 291. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 351. Əbu Davud: 2/ 26/ 361. Beyhəqi: 2/ 408.
[6] Hədis səhihdir. Səhih Sünən ibn Macə: 430. Muvatta: 27/ 44. Əbu Davud: 2/ 44/ 379. Tirmizi: 1/ 95/ 143. İbn Macə: 1/ 177/ 531.
[7] Hədis səhihdir. Səhih Sünəni Nəsai: 293. Əbu Davud: 2/ 36/ 372. Nəsai: 1/ 158.
[8] Hədis həsəndir. Səhih İbn Macə: 409. Əbu Davud: 1/ 358/ 207. Tirmizi: 1/ 76/ 115. İbn Macə: 1/ 169/ 506.
[9] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[10] Buxari: 1/ 323/ 220. Nəsai: 1/ 48 və 49. İrva əl-Ğəlil: 171. Hədisi daha ətraflı bu alimlər rəvayət ediblər: Əbu Davud: 2/ 39/ 376. Tirmizi: 1/ 99/ 147.
[11] Bax: Səhih Sünən Əbu Davud: № 368. Buxari: 1/ 278/ 174. Əbu Davud: 2/ 42/ 378.