Fitri sünnələr

    10.03.2015

Əbu Hureyrə (A.R.O.), Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Beş şey fitrətdəndir: ayıb yerlərini qırxmaq, sünnət olmaq, bığları qısaltmaq, qoltuqaltı tükləri yolmaq və dırnaqları tutmaq"[1].
Zəkəriyyə ibn Əbu Zaidə, Musab ibn Şeybədən, o da Talq ibn Həbibdən, o da İbn Zubeyrdən, o isə Aişədən, Peyğəmbərin (S.A.V.) belə dediyini nəql edir: "On şey fitrətdəndir: Bığları qısaltmaq, saqqalı uzatmaq, misvakdan istifadə etmək, burunu su ilə yaxalamaq, dırnaqları tutmaq, oynaqları yumaq, qoltuqaltı tükləri yolmaq, ayıb yerləri qırxmaq, subaşından sonra daş ilə təmizlənmək". Zəkəriyyə deyir: Musab deyirdi ki, onuncusunu isə unutmuşam. Yəqin ki, ağızı su ilə yaxalamaq olar[2].
 
Sünnət olunmaq:
Sünnət kişilərə vacib olan əməllərdən sayılır. Çünki bu müsəlmanların bir əlamətidir. Belə ki, Peyğəmbər (S.A.V.) yenicə İslamı qəbul etmiş bir kişiyə demişdir: "Üstündən küfr əlamətini sil at, sünnət et"[3].
Sünnət etmək İbrahim peyğəmbərin şəriətindəndir. Demək, Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "ər-Rəhmanın Xəlili (dostu) İbrahim, səksən yaşından sonra sünnət etmişdir"[4]. Allah təala Peyğəmbəri Məhəmmədə (S.A.V.) xitabən demişdir: "Sonra (Ya Rəsulum!) sənə: “Batildən haqqa dönərək müşriklərdən olmayan İbrahimin dininə tabe ol!” – deyə vəhy etdik."[5]
Uşağı yeddinci günündə sünnət etmək müstəhəbdir (daha yaxşıdır).
Demək, Cabir (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) yeddinci gün Həsən və Hüseynin əqiqini[6] (qurbanını) kəsib, sünnət etdi[7].
İbn Abbas (A.R.O.) isə deyir ki, yeddi günlük uşaq üçün yeddi sünnə var: "Uşağa ad verilir, sünnət olunur..."[8] Hər iki hədisin zəif nöqtələri olmasına baxmayaraq, onlar bir-birlərini gücləndirirlər. Belə ki, hər iki hədisin kökü müxtəlifdir və sənədində yalançılıqda ittiham olunan rəvayətçi yoxdur.[9]
 
Saqqalı uzatmaq:
Saqqal saxlamaq şəriətdə buyurulan əməllərdəndir... Çünki onun qırxılması Allahın yaratdığı sürəti dəyişməkdir. Bu əməl şeytanın Quranda vəsf olunan hiylələrindəndir: "Allahın yaratdıqlarını dəyişdirməyi əmr edəcəyəm!"[10]
... Peyğəmbər (S.A.V.) saqqalın uzadılmasını əmr etmişdir. Hamımızın bildiyi kimi, onun əmri həmin əməlin vacib olmasına dəlalət edir.
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Atəşpərəstlərə müxalif olaraq, bığlarınızı kəsin, saqqalınızı uzadın"[11].
İbn Ömər (A.R.O.) Peyğəmbərdən (S.A.V.) rəvayət edib deyir: "Müşriklərə müxalif olaraq, saqqallarınızı uzadıb, bığlarınızı qısaldın"[12].
 
Misvakdan istifadə etmək:
Misvakın hər an istifadəsi müstəhəbdir (bəyənilən haldır). Amma bəzi hallarda daha müstəhəb (daha gərəkli) olur:
1.Dəstəmazdan öncə:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər dəstəmazla bərabər misvakdan istifadə etməyi əmr edərdim»[13].
2. Namazdan öncə:
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Əgər ümmətimə çətinlik yaratmasaydım, onda onlara hər namazdan öncə misvakdan istifadə etməyi əmr edərdim"[14].
3. Quran oxumazdan əvvəl:
Əli (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) misvakdan istifadə etməyi bizə əmr edib dedi: "Bəndə qalxıb namaz qılanda bir mələk gəlib onun arxasında dayanar, ona yaxınlaşıb oxuduğu Quranı dinləyər. O qulaq asa-asa o qədər yaxınlaşar ki, hətta onunla ağız-ağıza gələr. Oxuduğu hər bir ayə Mələkin batininə gedər"[15].
4. Evə daxil olarkən:
Miqdad ibn Şureyh atasından rəvayət edir. Demək, atası deyir ki, mən Aişədən (A.R.O.) soruşdum ki, Peyğəmbər (S.A.V.) evinə daxil olanda ilk işi nə olardı? Aişə: Misvakdan istifadə edərdi.[16]
5. Gecə oyanarkən:
Huzeyfə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) təhəccüd namazını qılmaq üçün qalxanda ağzını misvakla təmizləyərdi[17].
 
Ağ saçları yolmağın məkruhluğu (bəyənilməməsi):
Amr ibn Şueyb atasından, o da babasından Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Dən düşən saçlarınızı yolmayın. Müsəlmanın İslamda ağaran saçları, qiyamət günü onun üçün nur olacaqdır"[18].
 
Ağ saçları qara rəngə boyamağın haram, xına, kətəm[19] və bu kimi boyağlarla rənglənməsinin isə icazəli olması:
Əbu Zərr (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Saçınıza düşən dənləri gizlətmək üçün ən yaxşı üsul xına və ya kətəmlə boyanmasıdır"[20].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Əhli kitab (dən düşmüş) saçlarını boyamırlar. Siz onlardan fərqli olaraq saçlarınızı boyayın"[21].
Cabir (A.R.O.) deyir ki, Məkkənin fəthi günü Əbu Quhafəni gətirdilər, onun saç-saqqalı düm ağ idi. Bunu görən Peyğəmbər (S.A.V.) dedi: "Onun dən düşmüş saçlarını, qara rəngdən başqa, istənilən boyağ ilə rəngləyin"[22].
İbn Abbas (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: "Bir dəstə insan axır zamanda saçlarını, göyərçinin sinəsi kimi, qara rəngə boyayacaqlar. Onlar cənnətin iyini duyan deyillər"[23].

 
[1] Buxari: 10/ 334/ 5889. Müslim: 1/ 221/ 257. Əbu Davud: 11/ 252/ 418. Tirmizi: 4/ 184/ 2905. Nəsai: 1/ 14. İbn Macə: 1/ 107/ 292.
[2] Hədis həsəndir: Səhih Müslimin müxtəsəri: 182. Müslim: 1/ 223/ 261. Əbu Davud: 1/ 79/ 52. Tirmizi: 4/ 184/ 2906. Nəsai: 8/ 126. İbn Macə: 1/ 108/ 293.
[3] Hədis həsəndir: Səhih əl-Cami: 1251. Əbu Davud: 2/ 20/ 352. Beyhəqi: 1/ 172.
[4] Buxari: 11/ 88/ 6298. Müslim: 4/ 1839/ 370.
[5] ən-Nəhl: 123.
[6] Əqiq/ qurbanın bir növüdür. Belə ki/ uşaq doğulduğuna görə Allaha şükr əlaməti olaraq oğlan üçün iki/ qız uşağı üçün isə bir qoç kəsilir (tərc.).
[7] Mucəmus Sağir/ Təbərani: 2/ 122/ 891. Təmamul Minnə: 68.
[8] Müsnəd Təyalisi: 1/ 334/ 562. Təmamul Minnə: 68.
[9] Təmamul Minnə: 68.
[10] ən-Nisa: 119.
[11] Hədis səhihdir: Səhih Müslimin müxtəsəri: 181. Səhih Müslim: 1/ 222/ 260.
[12] Buxari: 10/ 349/ 5892. Müslim: 1/ 222/ 259.
[13] Hədis səhihdir. Səhihul Cami: 5316. Əhməd əl-Fəth ər-Rəbbani: 1/ 294/ 171.
[14] Buxari: 2/ 374/ 887. Müslim: 1/ 220/ 252. Tirmizi: 1/ 18/ 22. Nəsai: 1/ 12. Buxarinin rəvayətində/ "hər namazla bərabər" – deyilir.
[15] Səhih liğeyrihi (yəni/ başqa rəvayətlərə əsasən səhih hökmünü almışdır). Silsilətul Əhədisus Səhihə: 1213. Beyhəqi: 1/ 38.
[16] Hədis səhihdir. Səhih İbn Macə: 235. Müslim: 1/ 220/ 253. Əbu Davud: 1/ 86/ 58. İbn Macə: 1/ 106/ 290. Nəsai: 1/ 13.
[17] Buxari: 1/ 356/ 245. Müslim: 1/ 220/ 255. Əbu Davud: 1/ 83/ 54. Nəsai: 1/ 8. Hədis Müslimin tərtibatına görə verilmişdir. Digərlərinin tərtibatında isə/ "gecə qalxarkən" - deyilir.
[18] Hədis səhihdir. Səhihul Cami: 7463. Əbu Davud: 11/ 256/ 4184. Nəsai: 8/ 136.
[19] Kətəm, Yəməndə yetişən bitki adıdır. Bu bitkidən boya kimi istifadə edirlər. Onun boyalıq rəngi qaraya çalan tünd qırmızı olur (tərc.).
[20] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 1546. Əbu Davud:  11/ 259/ 4187. Tirmiz: 3/ 145/ 1806. Nəsai: 8/ 139. İbn Macə: 2/ 1196/ 3622. Hədisin tərtibatı İbn Macənindir.
[21] Buxari: 10/ 354/ 5899. Müslim: 3/ 1663/ 2103. Əbu Davud: 11/ 257/ 4185. Nəsai: 8/ 137.
[22] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 418. Müslim: 3/ 1663 - 69/ 2102. Əbu Davud: 11/ 258/ 4186. Nəsai: 8/ 138. İbn Macə:2/ 1197/ 3624.
[23] Hədis səhihdir. Səhihul Cami əs-Səğir: 8153. Əbu Davud: 11/ 266/ 4194. Nəsai: 8/ 138.