Təyəmmüm etməyə əsas verən hallar

    10.03.2015

Su tapmadıqda, yaxud xəstəlik və ya şiddətli soyuq hava səbəbi ilə suyun zərər verəcəyindən qorxduqda təyəmmüm etmək olar:
İmran ibn Hüseyn (A.R.O.) deyir ki, «biz Peyğəmbərlə (S.A.V.) səfərdəydik. O camaata namaz qıldırdıqda bir nəfərin tənha dayandığını gördü və soruşdu: Namaz qılmaq üçün sənə nə mane olur? Həmin adam dedi: Boynuma cənabət qüslü düşüb, çimməyə isə su yoxdur. Peyğəmbər (S.A.V.) dedi: Torpaqla təmizlən, o sənin üçün suyu əvəz edər»[1].
Cabir (A.R.O.) deyir ki, biz səfərə çıxmışdıq. Aramızdan bir nəfərə daş dəyib onun başını yardı. Sonra həmin adam pollyusiya[2] oldu və ətrafında olanlardan soruşdu ki, təyəmmüm etməyim üçün rüsxət görürsünüzmü? Onlar dedilər: Sən sudan istifadə edə bildiyin üçün sənə rüsxət yoxdur. Sonra həmin adam qüsl edib öldü. Sonra biz Peyğəmbərin (S.A.V.) yanına gəldikdə bu haqda ona xəbər verdilər və o dedi: «Onu öldürüblər, Allah da onları öldürsün. Əgər bilmirdilərsə, soruşardılar! Həqiqətən cahilliyin dərmanı soruşmaqdır. O, təyəmmüm etsəydi ona yetərdi»[3].
Amr ibn əl-As (A.R.O.) deyir ki, mən Zətus Səlasil döyüşünə göndərildiyim vaxt soyuq bir gecədə pollyusiya olmuşdum. Çimib həlak olacağımdan ehtiyatlanıb təyəmmüm etdim, sonra yol yoldaşlarıma imamlıq edib sübh namazını qıldırdım. Peyğəmbərin (S.A.V.) yanına gəldiyimizdə bu haqda ona xəbər verdik və o dedi: Ey Amr, sən yol yoldaşlarına cünublu halda imamlıq edib namaz qıldırmısan? Mən dedim: Mən, Uca Allahın bu ayəsini, «...özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!»[4] - xatırlayıb, təyəmmüm etdim, sonra namaz qıldım. Bunu eşidəndə Peyğəmbər (S.A.V.) güldü və heç bir söz demədi[5].

 
[1] Buxari: 1/ 477/ № 344. Müslim: 1/ 474/ № 682. Nəsai: 1/ 171.
[2] Yəni, yuxuda məni ifraz etmək. (tərc.)
[3] Hədis həsəndir. Səhih Sünən Əbu Davud: № 326. Əbu Davud: 1/ 532/ № 232. Hədisə, “münkər” (zəif) əlavə edilmişdir. Həmin zəif əlavədə deyilir ki, «... yarasının üzərinə əski bağlayıb, üzərindən məsh edir, sonra bədəninin qalan hissəsini isə yuyur». Şəmsulhəqq “Ovnul məbud şərh sünən Əbu Davud” adlı kitabında (1/535) deyir ki, “belə halda təyəmmümlə bərabər qüsl etmək haqqında olan rəvayəti, Zubeyr ibn Xureyqdən başqa heç kəs rəvayət etməmişdir. O, hədisdə çox qüvvətli olmasına baxmayaraq, Əta ibn Əbu Rəbahdan nəql etdiyi bu rəvayətlə digər rəvayətçilərə müxalif olmuşdur. Təyəmmümlə bərabər qüsl etmək haqqında olan rəvayət zəifdir və onun heç bir hökmü yoxdur”. Qarşıda gələcək faydayalı məlumata diqqət edərsən.
[4] ən-Nisa: 29.
[5] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: № 323. Əbu Davud: 1/ 530/ № 330. Əhməd: 2/ 191/ № 16. Hakim: 1/ 177.