Təyəmmümü batil edən amillər
Dəstəmazı batil edən amillər, təyəmmümü də batil edir. Həmçinin su tapmayan su tapdıqda və sudan istifadə etməyə qadir olduqda təyəmmüm batil olur. Su tapana və ya sudan istifadə etməyə qadir olana qədər təyəmmümlə qılınan namazlar isə doğru sayılır.
Əbu Səid əl-Xudri (A.R.O.) deyir ki, iki nəfər səfərə çıxır. Namazın vaxtı daxil olduqda su olmadığından, torpaqla təyəmmüm edib namazı qılırlar. Sonra, namazın vaxtı çıxmamış su tapırlar. Onlardan biri dəstəmaz alıb namazı yenidən qılır, digəri isə bunu etmir. Sonra onlar Peyğəmbərin (S.A.V.) yanına gəlib bu haqda ona danışdılar. Peyğəmbər (S.A.V.) namazı yenidən qılmayana dedi: «Sən sünnəyə uyğun hərəkət etmisən və sənin namazın doğru sayılır». Dəstəmaz alıb namazı yenidən qılana isə dedi ki, «sən iki dəfə savab qazanmısan»[1].
Faydalı məlumat: Üzəri sarğılanmış yarası, yaxud gibsə qoyulmuş sınığı olan kimsə bu yerləri yumur, üzərinə məsh çəkmir və ya bunun üçün təyəmmüm etmir.
Bunun dəlili Allahın bu ayəsidir:
«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər...»[2] Həmçinin Peyğəmbər (S.A.V.) demişdir: «Mən sizə bir işi əmr etmişəmsə ona bacardığınız qədər əməl edin»[3] Quran və sünnə isbat edir ki, insanın qüdrəti xaricində olan hər bir işin məsuliyyəti onun boynundan götürülür və o işdən imtina etmək şəriətdən sayılır. Şəriət yalnız Quran və sünnəyə itaəti vacib edir. Nə Quranda nə də sünnədə, sarğının, gibsin və ya yuya bilmədiyi əzanın üzərindən məsh çəkmək haqqında heç bir sübut gəlməmişdir. Ona görə, bu fikiri (yəni, sarğı və ya gibsin üzərindən məsh çəkmək və ya təyəmmüm etmək fikrini) söyləmək əsassızdır[4].