Həccin vacib əməlləri

    12.03.2015

1. Miqatda, əynində olan adi paltarları çıxarıb ehram paltarını geyinmək və “Ləbbeykə Allahummə bi umrətin” (Allahım ümrəyə niyət edirəm) yaxud, “Ləbbeykə Allahummə həccətən və umrətən” (Allahım həcc və ümrə etməyə niyət edirəm) - deyib niyyət etmək.
2. Təşriq (zülhiccənin 11, 12 və 13-cü) günləri minada gecələmək: Belə ki, Peyğəmbər (S.A.V.) bu günləri minada gecələyərdi. «Bununla belə Peyğəmbər (S.A.V.) dəvə otaran çobanlara Minada gecələməməyə icazə vermişdi. Amma onlar bayram günü, bayramın səhəri, həmçinin o biri günü və sonuncu gün (yəni, zülhiccənin 10, 11, 12 və 13-cü günləri) gəlib daş atmalıdırlar»[1].
Peyğəmbərin (S.A.V.) yalnız bu insanlara icazə verməsi digərlərinə bunun vacib olması deməkdir.

3. Daşların ardıcıllıqla atılması:
Bayram günü “Cəmərətul Əqəbə”yə yeddi daş atılmalıdır. Təşriq günləri hər üç cəmaratın hərəsinə yeddi ədəd daş atılır və bu, hər gün günortadan sonra edilir. Ardıcıllıq isə belə olmalıdır: İlk olaraq birinci cəmərat, sonra orta cəmərat, sonra isə “Cəmərətul əqəbə”.

4. Vida təvafı:
Demək İbn Abbas (A.R.O.) deyir ki, «İnsanlara sonuncu olaraq Kəbəni təvaf etmək əmr olunmuşdur. Yalnız heyzli qadınlara rüsxət verilmişdir»[2].

5. Saçı qırxmaq və ya qısaltmaq:
Saçın qırxılması və ya qısaldılması Quran, sünnə və alimlərin yekdil rəyi ilə təsdiq edilmişdir.
Uca Allah buyurur: «And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) röyasının çin olduğunu təsdiq etdi. (Ey möminlər!) Siz, inşallah, əmin-amanlıqla, (bəziniz) başınızı qırxdırmış, (bəziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız»[3].
Abdullah ibn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Allahım saçlarını qırxanlara rəhm et!» Orada olanlar: “Ey Allahın elçisi, bəs saçlarını qısaldanlar?” Peyğəmbər (S.A.V.) yenə, «Allahım saçlarını qırxanlara rəhm et!» - deyərək dua etdi.  Orada olanlar təkrarən: “Ey Allahın elçisi, bəs saçlarını qısaldanlar?” Peyğəmbər (S.A.V.) yenə, «Allahım saçlarını qırxanlara rəhm et!» - deyərək dua etdi.  Orada olanlar təkrarən: “Ey Allahın elçisi, bəs saçlarını qısaldanlar?” Peyğəmbər (S.A.V.), «Saçlarını qısaldanlar da!» - deyərək dua etdi[4].
Fiqh alimləri saçı qırxmaq və qısaltmaq haqqında müxtəlif fikirlər söyləmişlər. Əksər alimlər bunun vacib olmasını və bu əməli tərk edənin əlavə qurban kəsməsini vurğulamışlar. Şafii məzhəbinin alimləri isə bunu həccin bir rükunu sayırlar.
Şeyx Albaninin mənə dediyinə görə bu ixtilafın səbəbi, hər iki tərəfdə bu haqda qəti dəlilin olmamasıdır.

 
[1] Hədis səhihdir. Səhih Sünən İbn Macə: № 2463. Əbu Davud: 5/ 451/ № 1959.  Tirmizi: 2/ 215/ № 962. İbn Macə: 2/ 1010/ № 3037. Nəsai: 5/ 573.
[2] Buxari: 3/ 585/ № 1755. Müslim: 2/ 963/ № 1328.
[3] əl-Fəth: 27.
[4] Buxari: 6/ 393/ № 1727. Müslim: 4/ 81/ № 3206.