Borcu qaytarmağa kəskin münasibət
Peyğəmbərin (S.A.V.) Sovban adlı köləsi onun belə dediyini rəvayət edir: «Ruhu bədənindən ayrılan insan üç şeydən: təkəbbürlükdən, xəyanətdən və borcdan – uzaqdırsa, cənnətə daxil olar»[1].
Əbu Hureyrə (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə ediyini rəvayət edir: «Mömin bəndə öldükdən sonra, borcu ödənənə qədər borcundan asılı qalar»[2].
İbn Ömər (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «İnsan öldükdə kiməsə dinar və ya dirhəm borcu qalarsa, borcu savabından ödənər. Daha orada dinar və ya dirhəm olan deyil»[3].
Əbu Qatadə (A.R.O.) deyir ki, Peyğəmbər (S.A.V.) onlara vəz edib, Allah yolundan döyüşməyin və Allaha iman gətirməyin ən fəzilətli əməl olduğunu xatırlatdı. Bu zaman bir kişi qalxıb dedi: Ey Allahın elçisi, əgər mən Allah yolunda şəhid olsam günahlarım bağışlanarmı? Peyğəmbər (S.A.V.) dedi: «Bəli, əgər səbrlə, muzdsuz, geri qaçmadan Allah yolunda şəhid olsan». Daha sonra Peyğəmbər (S.A.V.) soruşdu: «Necə dedin?» Kişi dedi: Əgər mən Allah yolunda şəhid olsam günahlarım bağışlanarmı? Peyğəmbər (S.A.V.) dedi: «Bəli, əgər səbrlə, muzdsuz, geri qaçmadan Allah yolunda şəhid olsan. Yalnız borcdan başqa bütün günahların bağışlanar. Bunu mənə Cəbrail (Aleyhis səlam) indi xəbər verdi»[4].