Övladına hədiyyə verən valideyn istisnadır
İbn Ömər və İbn Abbas (Allah onlardan razı olsun) hər ikisi hədisi Peyğəmbərə (S.A.V.) nisbət edərək deyirlər: «Övladına hədiyyə edən valideyndən başqa, heç kəsə verdiyi hədiyyəni geri götürmək halal deyil»[1].
Aişə deyir ki, Peyğəmbər (S.A.V.) naxışlı paltarda namaz qıldı, gözü naxışlara sataşdı. Namazdan sonra dedi: «Bu paltarı Əbu Cəhmə aparın və əvəzində onun naxışsız qalın paltarını gətirin. Bu paltarın naxışları məni namazdan yayındırdı»[2].
Peyğəmbərin (S.A.V.) səhabələrindən olan, Saab ibn Cəssamə əl-Leysi, əl-Əbva (yaxud, Vəddan) adlı yerdə Peyğəmbərə (S.A.V.) çöl eşşəyi hədiyyə edir. O, artıq ehramda idi və buna görə hədiyyəni geri qaytardı. Saab deyir: Peyğəmbər (S.A.V.) mənim üzümdə, hədiyyəmin geri qayıtmasına görə narahatçılığımı hiss edib dedi: Biz sənin hədiyyəndən imtina etmirik, sadəcə olaraq ehramdayıq»[3].