Yalnız cümə günləri namaz qılmaq olarmı?
Aleykum salam. Yalnız cümə günləri namaz qılmaq və ya ümumiyyətlə namaz qılmamaq böyük günahdır. Həmin insana Uca Allahın gündə 5 dəfə namaz qılmaq əmri çatdırılmalı, nəsihət olunmalıdır.
İbn Abbasdan (radıyəllahu anhumə) "namazın gündə 5 dəfə qılınmasına aid Quranda ayə varmı?" soruşduqda, "Bəli" demiş və aşağıdakı ayələri demişdir: "Odur ki, siz axşama çatanda (məğrib və işa namazları) və səhərə çıxanda (sübh namazı) Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da (əsr namazı), günortaya yetişəndə (zöhr namazı) də Onun şərəfinə təriflər deyin!" (ər-Rum, 17-18).
Bəzən "axşama çatanda" ifadəsinin niyə bir yox, iki namazı bildirdiyi soruşulur. Bunun cavabı aşağıdakı ayədədir: "Gündüzün iki başında (əvvəlində və axırında - zöhr və əsr), və gecənin bəzi saatlarında namaz qıl!" (Hud, 114).
Buradakı "gecənin bəzi saatlarında" ən azı iki namaz, məğrib və işa nəzərdə tutulur. Namaz vaxtları qeyd edilən digər ayələr də var: "Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan". (Ta Hə, 130).
Bu ayəyə əsasən də, namazların sayı beşdir: "Günortadan (gün batmağa meyl edəndən) gecənin qaranlığınadək namaz qıl. Sübh namazını da qıl. Çünki sübh namazı müşahidə olunur". (əl-İsra, 78). Həmçinin oxuyun: Namaz qılmayan Cənnətə girə bilərmi?