"Fiqh" və "əqidə" sözlərinin mənası nədir?

    27.05.2015
Sual: 
Sələm aleykum. Fiqh, Eqide ne demekdir? Yeni termin olaraq nece basa salmaq olar bir kimseye?
Cavab: 

Aleykum salam.
Fiqh (فقه‎‎) ərəb mənşəli söz olub lüğəti mənası "anlama", "başa düşülmə" deməkdir. İstilahi (şəriət baxımından) mənası isə Quran və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elmdir. Bu elmlə məşğul olanlara isə fəqih deyilir. Peyğəmbər demişdir: "Uca Allah xeyir istədiyi bəndəsini dində fəqih (Quran və hədislərə əsaslanaraq bir çox şəriət hökmlərindən anlayışı olan şəxs) edir". (Muslim, 4933).
Əqidə (عقيدة) sözü də ərəb mənşəli söz olub "əqd" (عقد) kökündən gəlir. Mənası təsdiq etmək, sıx bir şəkildə bir-birinə bağlamaq deməkdir. Eyni kökdən törənmiş etiqad kəlməsi isə düyün vurub bağlanmaq, bir şeyə könüldən (qəlbən) inanmaq, o şeyi qəlbən mənimsəmək anlamına gəlir. Beləliklə, əqidə könüldən bağlanılan şey deməkdir.
İstilıahi (terminoloji) olaraq əqidə: İslam dinində inanılması və rədd edilməsi lazım olan əsaslara deyilir. Qısa olaraq əqidə haqq və ya batil olsun, insanın qəlbən qəbul edib və tam olaraq inandığı hər bir şeydir. Uca Allahın varlığına və peyğəmbərlər göndərildiyinə etiqad etmək kimi mövzular dini kitablarda əqidə mövzuları içərisində verilməkdədir. İslam əqidəsi isə Allah Təalanın rububiyyətinəuluhiyyətinə, əsmaul-sifətinə (ad və sifətlət tövhidi), mələklərinə, kitablarına, peyğəmbərlərinə, axirət gününə, qəzaqədərə, səhih dəlillərlə bizə gələn digər qeyb mövzularına, dinin təməl əsaslarına, islam alimlərinin üzərində icma etdiyi xüsuslara qəti olaraq iman etməkdir. Həmçinin peyğəmbərə (salləllahu aleyhi və səlləm) tabe olmaq mövzusunda Allaha tam bir təslimiyyət göstərməkdir. Bu xüsusda Uca Allah buyurur: "De: “Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah Bağışlayandır, Rəhmlidir". (Ali İmran, 31).

Paylaş: