Bəqi və Uhud

    15.04.2015

Bəqi, Mədinə şəhərində yaşayan müsəlmanların qəbiris­tan­lığıdır. Səhabələrin əksəriyyəti orada dəfn edilmişlər. Elə bu günə qədər orada müsəlmanlar dəfn olunurlar. Onların əksəriyyəti Bəqi qəbiristanlığında basdırılmaq arzusu ilə Mədinə şəhərinə gələnlərdir.
Uhud isə, “bizi sevən və biz tərəfdən sevilən”[1] - dağdır. Bu dağın qənşərində baş verən və elə bu adla “Uhud” adlanan döyüşdə şəhid olan yetmişdən çox insan onun qarşısında da dəfn olunmuşdur.
Mədinəyə gələn kimsə bəqi və ya uhud şəhidlərini ziyarət etmək istəsə bunu edə bilər. Çünki Peyğəmbər (S.A.V.) ilk vaxtlar qəbirləri ziyarət etməyi qadağan etmiş, sonra axirəti xatırlamaq və ibrət dərsi almaq məqsədi ilə buna icazə vermişdir. Lakin qəbirlərlə (və ya orada olan tikililərə əl və s. sürtərək) “Təbərrük” etmək, qəbirdə yatanlardan kömək istəmək, sağ insanların qarşısında onları şəfaətçi etmək, onların vasitəsi ilə bəndələrin Rəbbinə təvəssül etmək kimi əməllər qadağandır.
Uhud şəhidlərinə salam vermək və onlar üçün dua etməkdən başqa, dağın döşündə Peyğəmbərin (S.A.V.) namazgahı kimi tanınan yerdə namaz qılmaq, yaxud təbərrük üçün dağa qalxmaq, səhabələrin izinə düşərək oxatanların dayandıqları təpənin üzərinə çıxmaq və sairə bu kimi hərəkətlər etmək olmaz. Bu əməllər nəinki müstəhəb deyil, hətta qadağan olunan yeniliklərdir. Elə Ömər ibn əl-Xəttab (A.R.O.) bu haqda demişdir: «Sizdən əvvəlki ümmətlərin həlaka düçar olmalarına səbəb, öz peyğəmbərlərinin gəzib-dolaşdıqları yerləri müqəddəsləşdirmələri olmuşdur». Gəlin biz də Ömərin (A.R.O.) bu sözü ilə qənaətlənək və belə işlərdən əl çəkək.

 
[1] Buxari: 7/ 377/ № 4083. Müslim: 2/ 1001 / № 1393.