Dəstəmazı pozan amillər
Aleykum salam. Şəriətə görə dəstəmazı pozan amillər sırasında yemək yoxdur. Dəstəmazı pozan hallar isə aşağıdakılardır:
1. Ön və arxa ifrazat çıxışlarından çıxan hər şey:
Uca Allah buyurur: "... və ya ayaq yolundan gəldiyiniz zaman...". (əl-Maidə, 6). Ayədəki, "ayaq yolundan" sözü, ifrazat çıxışlarından xaric olan ifrazat mənasını daşıyır. Həmçinin Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir ki: "Hədəs edən, dəstəmaz almayınca Allah onun namazını qəbul etməz". Hadramovt ərazisindən olan bir kişi: Ey Əbu Hureyrə (Allah ondan razı olsun) "Hədəs" nədir deyə soruşduqda, Əbu Hureyrə: Səsli və ya səssiz yeldir deyə cavab vermişdir".
Bununla dəstəmazı pozan digər amil, məzi və ya vadinin ifraz olunmasıdır:
İbn Abbas (Allah onlardan razı olsun) deyir: "Məni, məzi və vadinin hökmü belədir: Məni ifraz olunduqda qüsl alınır. Məzi və vadi ifraz olunduqda isə cinsiyyət orqanını yu və namaz üçün aldığın dəstəmazı et". (Əbu Davud, 190; əl-Beyhaqi, 1/115).
Qeyd: "Məni (Sperma), Məzi (şəvhət hissi nəticəsində sadə şəkildə axan duru maye), Vadi (bəzi hallarda sidikdən sonra damcı halında gələn maye).
2. Dərin yuxu: Yəni, yatan insanın yuxuya tam qapanması. Safvan ibn Əssal adlı bir səhabə (Allah ondan razı olsun) rəvayət edir ki: "Biz səfərdə olarkən, Peyğəmbər (salləllahu aleyhi və səlləm) bizə, cənabət halı istisna olmaqla, yüngül və ya ağır subaşına getdiyimizə, yaxud yuxuya daldığımıza görə üç gün xuflərimizi (ayağa geyinilən dəri corab) çıxarmamağı əmr edərdi". (ən-Nəsai, 123; ət-Tirmizi, 1/65/69; ən-Nəsai, 1/84).
Bu hədisdə Peyğəmbər (Allajın ona və ailəsinə salamı və xeyir duası olsun) yuxunu, (dəstəmaza təsir baxımından) sidik və nəcislə bərabər tutmuşdur. Əli (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Göz, arxa orqanın kəndiridir. Kim yatarsa dəstəmaz alsın". (İbn Macəh, 386; İbn Macəh, 1/161/477; Əbu Davud: 1/347/200).
Hədisdə deyilən, "Oyaq olmaq, arxa orqanın kəndiridir" - sözlərinin mənası belədir ki, oyaq olmaq ifrazatın çıxmasını qoruyur. Belə ki, insan oyaq olduqca bədənindən çıxanları hiss edir. (Neylu-l-Əvtar kitabı:1/242).
3. Xəstəlik səbəbi ilə huşu itirmək: Çünki, yuxuya nisbətən, belə hallarda bədənə hakim olmamaq daha realdır.
4. Cinsiyyət orqanlarına bilavasitə şəhvət hissi ilə toxunmaq: Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kim cinsiyyət orqanına əl vurarsa dəstəmaz alsın". (İbn Macəh, 388; ət-Tirmizi, 1/55/82. Onun rəvayətində "... Namaz qılmasın" - sözləri də əlavə olunur).
Başqa hədisdə (cinsiyyət orqanına əl vurduqda dəstəmazın pozulub-pozulmaması haqqında sual verənə) Peyğəmbər (salləllahu aleyhi və səlləm) deyir ki: "Məgər, o sənin bədəninin bir parçası deyil!?". (İbn Macəh, 392; Əbu Davud, 1/312/180; İbn Macəh, 1/163/483; ən-Nəsai, 1/101; ət-Tirmizi, 1/56/85).
Toxunma ilə bərabər şəhvət hissi olmadıqca həmin orqan bədənin bir hissəsi sayılır. Çünki, orqana şəhvətsiz toxunmaq, bədnin hər hansı hissəsinə toxunmaq kimidir. Amma şəhvət hissi ilə toxunmaq isə bədənin başqa üzvünə toxunmaq kimi deyil. Çünki, adətən başqa orqanlara toxunmaq şəhvət hissi ilə olmur.
5. Dəvə əti yemək: Bəra ibn Azib (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə dediyini rəvayət edir: "Dəvə əti yedikdən sonra dəstəmaz alın, qoyun əti yedikdən sonra isə dəstəmaz almayın". (İbn Macəh, 401; Əbu Davud, 1/315/182; ət-Tirmizi, 1/54/81; İbn Macəh, 1/166/494. Müxtəsər şəkildə rəvayət etmişdir).
Cabir ibn Səmurə (Allah ondan razı olsun) deyir ki, bir kişi Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşdu: "Qoyun əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "İstəsən dəstəmaz al, istəməsən alma". Kişi dedi: Bəs dəvə əti yedikdən sonra dəstəmaz alımmı? Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Bəli dəvə əti yedikdən sonra dəstəmaz al". (Hədis səhihdir. Müxtəsər Səhih Muslim: 146; Səhih Muslim: 1/275/360).