Dilənçilərə pul vermək olarmı?

    29.05.2015
Kimdən: 
Rahid
Sual: 
Dilençilere pul vermek gunahdirmi?
Cavab: 

Salam aleykum İslam dini insanlara işləməyi əmr etmiş və bunun Allah qatında savab olduğunu bildirmiş, tənbəlliyi və dilənçiliyi isə pisləmişdir. Allah Rəsulu (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Zəkatda zənginin və qüvvətli olub ruzi qazana bilənin payı yoxdur". (Əbu Davud, 1633; "İrva əl-Ğalil" əsəri, 876). Sədəqə isə zəkatdan fərqli olaraq həm kasıba, həm də varlıya verilə bilər. Ancaq ən üstünü ehtiyacı olana verilənidir. Uca Allah buyurur: "Xərclədiyiniz hər bir sədəqəni və verdiyiniz hər bir nəziri şübhəsiz ki, Allah bilir... Sədəqələri aşkarda verirsinizsə, bu çox gözəl. Əgər onu yoxsullara gizlində versəniz, bu sizin üçün daha yaxşı olar. (Allah) sizin bəzi günahlarınızdan keçər... Xərclədiyiniz hər bir sədəqə özünüz üçündür. Siz onu ancaq Allahın Üzünü dilədiyinizə görə sərf edirsiniz. Malınızdan (Allah yolunda) nə xərcləsəniz, əvəzi sizə tam verilər və sizə zülm edilməz. (Sədəqə) Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. (Bu adamlar) həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla (bir şey) istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir. Mallarını gecə və gündüz, gizli və aşkar xərcləyənlərin öz Rəbbi yanında mükafatı vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər". (əl-Bəqərə, 270-274).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) borcunu heç cür ödəyə bilməmək, fəlakət zamanı bütün malını itirmək və digər hallarda başqa insanlardan kömək istəməyə icazə vermişdir. Bunu həmişə etmək, dilənçiliyi peşəyə çevirməyi isə qəti qadağan edərək demişdir: "Sizdən bəziləri dilənməkdən əsla vaz keçməz. Ən sonunda qiyamət günündə bu şərəfsiz insan, üzündə bir tikə ət parçası olmadan Allaha qovuşar". (Muslim "Zəkat", 103).
"Hər kim çox mal toplamaq üçün, imkanı olan insanlardan dilənərsə, o sanki bir atəş parçası istəmiş kimi olur". (Muslim: "Zəkat", 105).

"Ehtiyacını ödəyəcək qədər imkanı olduğu halda başqasından istəyən kimsə ancaq Cəhənnəm atəşini artırmaq istəyir". Soruşdular ki: "Bəs onda ehtiyacını ödəməmək nədir?" Peyğəmbər: "Səhər və axşam yeyəcəyi miqdarı qədər" deyə buyurdu. (Əbu Davud, 2/281, əl-Albani "Səhihul-Cami", 6280).

"Yüksək əl, alçaq əldən xeyirlidir. Çünki yüksək əl verən, alçaq əl isə istəyən əldir". (Muslim, 1033).

"Miskin qapı-qapı dolaşmağı sənət edən, sədəqə üçün xalqı dolaşıb birinin iki loxma, birinin iki xurma verdiyi dilənçi kimsə deyildir". Səhabələr: "Elə isə miskin kimdir? Ya Rəsulullah!" dedilər. Peyğəmbər: "Miskin zərurətlər içərisində iffətli qalmağa çalışan, (xalq tərəfindən) zərurəti bilinməyən, özü də xalqdan bir şey istəməyən kimsədir. İstəsəniz bu ayəni oxuyun: "Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür. Bu adamlar həya edib dilənmədiklərinə görə tanımayan adam onları varlı hesab edir. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla bir şey istəməzlər. Şübhəsiz ki, Allah malınızdan nə sərf etdiyinizi bilir". (əl-Bəqərə 273) deyə byurdu". (Muslim, 1039).

"And olsun ki, sizdən birinizin səhər tezdən (meşəyə) gedərək belinə odun toplayaraq (onu satması) və insanlara əl açmaması onun üçün bir kimsənin yanına gələrək ondan sədəqə istəməsindən xeyirlidir. Kim bilir ki, o istədiyi kimsə ona verər, yoxsa verməz". (Muslim, 1042).

"Heç kimsə əlinin zəhmətindən daha xeyirli bir loxma yeməmişdir. Davud (aleyhis-sələm) öz əlinin zəhmətiylə (qazan-dığından) yeyirdi. (Başqa rəvayətdə): Zəkəriyyə (aleyhis-sələm) dülgər idi)". (əl-Buxari, 2073; Muslim, 2379).

"Müsəlman olan, ehtiyacını ödəyəcək qədər ruzisi olan və Allahın verdiyi ilə qənaətkar olan kimsə heç şübhəsiz ki, qurtulmuşdur". (Muslim, 1054).

Həmçinin oxuyun: Evdə oturub iş yoxdur deyənlərə nə məsləhət görmək olar?
 

Teqlər: 
Paylaş: