Siz kimin yolundasınız və namaz necə qılınmalıdır?
Aleykum salam. Saytımız yeni açılıb. Əhli Beytlə bağlı inşallah bu yaxınlarda geniş bir mövzu hazırlamaq niyyətindəyik. Bütün müsəlmanlar kimi bizdə Allah və Onun Rəsulunun (salləllahu aleyhi və səlləm) buyurduğu yolun davamçılarıyıq. İslamda firqəçilik yoxdur. Əgər Qurani Kərimə müraciət etsəniz bu barədə o mübarək kitabda kifayət qədər ayə və sübutlar tapa bilərsinizz. Uca Allah buyurur:
"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir- birinizdən) ayrılmayın...!" (Ali İmran, 103).
"(İnsanları) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Həqiqətən, mən müsəlmanlardanam!" - deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?" (Fussilət, 33).
Namaz məsələsinə gəldikdə isə, Peyğəmbər (Ona və ailəsinə Allahın salamı və salavatı olsun) bizim kimi yox, biz Peyğəmbər kimi qılmağa çalışırıq.
Uca Allah buyurur: "(Ya Rəsulum!) De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir!" (Ali İmran, 31).
Malik ibn əl-Huveyris (Allah ondan razı olsun) Peyğəmbərin (salləllahu aleyhi və səlləm) belə buyurduğunu söyləmişdir: "Mən necə namaz qılıramsa, siz də elə namaz qılın. Namaz vaxtı çatanda, biriniz azan versin. Aranızda böyük olanınız isə, imamlıq etsin". (əl-Buxari "Azan", 605; Muslim "Məscidlər və namaz qılınan yerlər", 674; ən-Nəsai "Azan", 635; əd-Darimi "Namaz", 1253).
Peyğəmbərin (salləllahu aleyhi və səlləm) necə namaz qılması səhih mənbələrdə rəvayət olunmuşdur. Saytımızdakı Namaz məqaləsi həmin mənbələr əsasında hazırlanmışdır. İnşallah, yaxın vaxtlarda namaz qılınma qaydası haqqında video da yerləşdirməyi planlaşdırırıq.