İmam Əlinin oğluna nəsihəti
Əli ibn Əbu Talib - Allah ondan razı olsun - İslam dinini ilk qəbul edən səhabələrdəndir. O, Peyğəmbərin - ona və ailəsinə Allahın salavatı və salamı olsun - həm əmisi oğlu, həm kürəkəni, həm də ən əziz nəvələri – Həsən və Hüseynin atalarıdır. Əli ibn Əbu Talib Təbuk döyüşü istisna olmaqla, Peyğəmbərlə birlikdə bütün döyüşlərdə iştirak etmişdir. Əli ibn Əbu Talib sağlığında ikən Cənnətlə müjdələnmiş on nəfərdən biridir. Əli ibn Əbu Talib Rəsulullahın dördüncü xəlifəsi olmuşdur. O, möminlərə layiqincə əmirlik etmiş və Kufə şəhərində altmış üç yaşında şəhid olmuşdur. Möminlərin əmiri Əli ibn Əbu Talib oğlu Hüseynə çox dəyərli nəsihət edərək belə demişdir: Oğlum, sənə həm gizlində, həm də aşkarda Allahdan qorxmağı, həm qüvvətli, həm da zəif halında haqqı deməyi, həm varlı, həm də kasıb olanda qənaət etməyi, həm dosta, həm də düşmənə qarşı ədalətli olmağı, həm tənbəllik, həm də yaxşı əhval-ruhiyyən olduqda çalışmağı, həm çətin, həm də asan vaxtı Allahdan razı olmağı tövsiyyə edirəm. Oğlum, bil ki, Cənnətdə heç bir pislik, Cəhənnəmdə isə heş bir xeyir yoxdur. Cənnətdən başqa hər bir nemət, Cəhənnəm odundan da başqa hər bir bəla heç kimidir. Oğlum bil ki, öz eyiblərini görən şəxs, heç zaman başqasında eyib tutmaz. Allahın ona böldüyü payla razılaşan şəxs heç zaman itirdiyi bir şeyə təəssüflənməz. Pis niyyətlə qılıncını qınından çıxaran elə onunla da öldürülər. Qardaşına quyu qazan özü düşər. Özgəsinin hicabını açan şəxsin ailə üzvlərinin örtüyü açılar. Öz səhvlərini unudan şəxs başqalarının səhvlərini böyüdər. Hər işə dözən tələf olar. Dənizə surətlə atılan batar, özünü bəyənən kəs yolunu azar, ağlını hamıdan yüksək tutan alçalar, başqalarını səfeh sayan söyülər, pis yerlərə gedən böhtanlara məruz qalar, alçaqlara qarışan rəzil olar, alimlərlə oturub duran isə ucalar, çox sevinən ələ salınar, ayrı olan salamat qalar, şəhvətlərini tərk edən azad olar, həsədi tərk edəni insanlar sevər. Oğlum, möminin izzəti insanlardan heç bir şey istəməməyidir. Aza qane olmaq tükənməz bir maldır. Ölümü tez-tez xatırlayan azacıq dünya nemətlərinə razı olar. Əzabdan qorxub pis əməli tərk etməyənin və xeyir istəyib çalışmayanın halı necə də qəribədir. Oğlum, bil ki, zikr nurdur, qəflət zülmətdir, cahillik zəlalətdir, başqasından ibrət götürən xoşbəxtdir, ən xeyirli miras ədəbdir, ən yaxşı dost gözəl əxlaqdır. Oğlum, qohumluq əlaqələrini kəsməklə irəliləyiş, pisliklə də varlanmaq olmaz. Oğlum, salamatlıq on qismdir: Onun doqquzu, – zikr istisna olmaqla, – susmaq, biri isə səfeh insanların məclisindən uzaq olmaqdır. Kim məclislərdə Allaha asilik nümayiş etdirsə, rəzil olar. Elm tələb edən isə bilikli olar. Oğlum, elmin zirvəsi mülayim olmaqdır. Müsibətlərə səbir etmək isə iman xəzinələrindəndir. İffətli olmaq kasıbın, şükür etmək isə varlının zinətidir. Bir şeyi çox edən onunla tanınar. Çox danışanın səhvi də çox olar. Xətası çox olanın isə həyası az olar. Həyası az olanın təqvası da azalar. Təqvası azalanın isə qəlbi məhv olar. Qəlbi məhv olan kəs isə Cəhənnəm oduna girər. Oğlum, günahlarından dolayı ümidsizliyə düşmə, əməllərini xeyirlə bitirən o qədər günahkar var ki. Həmçinin nə çox əməl edib sonda Cəhənnəmə düşənlər var. Məqsədini axtaranın işləri yüngülləşər. Oğlum, bil ki, çox ziyarət etmək adamı bezdirir. Təcrübə toplamadan rahat olmaq səhv bir addımdır. İnsanın özünü bəyənməsi isə onun ağıldan kəm olduğuna sübutdur. Oğlum, islamdan daha şərəfli, təqvadan daha ülvi, tövbədən yaxşı şəfqət, iffətdən gözəl libas yoxdur. Oğlum, elmini və əməlini, sevgini və nifrətini, alışverişini, danışığını və sükutunu yalnız Allah üçün edən kimsəyə Cənnət vacib olar”.(Tarix əl-Uməm vər-Rusul vəl-Muluk, 5/147-148; əl-Bidayə vən-Nihayə, 7/328-329).