Hər dəstəmaz vaxtı ayaqların yuyulması mütləqdirmi?

    22.01.2014
Sual: 
Essalemu aleykum ve rahmətullahi və berekatuhu. Her dəstəmaz vaxti ayaqlarimizi yumaliyiq? Bir defe yuduqdan sonra mesh chekmek olar?
Cavab: 

Aleykum salam. Ayaqları hər dəstəmaz vaxtı yumağa ehtiyac yoxdur. Məsh də çəkmək olar. Çünki "məsh" Allahın insanlara verdiyi bir asanlıqdır. Muğira İbni Şubə adlı səhabədən (Allah ondan razı olsun) rəvayət olunur ki, Allahın Elçisi "dəstəmaz alarkən corablarına və ayaqqabılarına məsh çəkdi". (Əbu Davud, 159; ət-Tirmizi, 99; İbn Məcəh, 559; İmam Əhməd, 4/252).
Ayaqları yumaq isə ümumi dəstəmaza aiddir; "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və əllərinizi dirsəklərə qədər yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun... (əl-Maidə, 6). Elə bu ayənin sonunda deyilir ki, "Allah sizi çətinliyə salmaq istəməz...".
Peyğəmbər (Allahın ona salavatı və salamı və salavatı olsun) hədislərdən birində buyurub ki; "Asanlaşdırın, çətinləşdirməyin...".
Əgər məsh çəkmə şərtləri şəriətə uyğun yerinə yetirilmiş olsa, siz hər zaman ayaqlarınıza məsh çəkə bilərsiz. 
Şərtlər isə aşağıdakılardır:
1. İlk dəstəmazı alarkən ayaqlar topuğa qədər yuyulmalıdır. Bundan sonra ayağa geyilən corabların üzərinə məsh çəkmək olar.
2. Dəstəmaz alıb ayaqları yuduqdan sonra geyilən geyəcək ayaqdan çıxarılmamalıdır. Əgər bir insan dəstəmaz alaraq ayaqlarını yuyub geyinəcək (xufı, corabı) və geyindikdən sonra dəstəmaz pozularsa,  sonra adam növbəti dəstəmaz alıb ayaqları üzərinə məsh çəkə bilər. Lakin sonradan ayaqlarındakı geyəcəyi (xufı, corabı) dəstəmazsız halda çıxarıb, daha sonra təkrar geyinərsə o geyəcəyin üzərinə məsh edilməz. Çünki geyəcəkləri yuyulmayan ayaqlara geyinmişdir. Təkrar dəstəmaz alarkən ayaqlarını yuması gərəkdir.
3. Dəstəmaz alıb, ayaqlar yuyulub geyəcək geyindikdən sonra, onların üzərinə məsh çəkilən vaxtdan etibarən, məshin müddəti başlayır. Səfərdə olmayan (muqim) üçün məshin müddəti çəkildiyi vaxtdan etibarən bir sutka, səfərdə olan üçün isə bu müddət üç sutkadır. Bu müddət bitdikdən sonra artıq təkrar dəstəmaz alınıb ayaqlar yuyulmalıdır.

Paylaş: