Şəriklərdən birinin haqqının qaytarılması (əş-şufəə)
Tərifi:
Ərəb dilində “əş-Şufəə” sözü qoşa, cüt mənasını verir.
Şərii mənada isə, şəriklərdən birinin payının başqa adamın səlahiyyətinə keçməsindən sonra, onun özünə qaytarılmasıdır[1].
Hansı hallarda şəriklərdən birinin haqqının qaytarılması baş verə bilər?
Cabir ibn Abdullah (A.R.O.) deyir ki, «Peyğəmbər (S.A.V.) bölünməyən hər bir şeydə ikinci şərikin payının qaytarılmasına hökm verirdi. Pay bölünüb, yollar ayrıldıqdan (hər kəsin payı təyin edildikdən) sonra pay qaytarmaq yoxdur»[2].
Kimin bir torpaqda, hasarda, evdə və ya hər hansı yerdə şəriki varsa şərikindən icazə almamış onu satmasın. Əgər şərikinə deməmiş satarsa, satılan şeyin qərarı şərikdən asılıdır.
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Kimin (şərikli) xurma ağacı və ya torpağı varsa şərikindən icazə almamış onu satmasın»[3].
Əbu Rafi (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Şərik ortaq olduğu mala (ondan xəbərsiz aparılan alqı-satqını ləğv etməyə) daha haqlıdır»[4].
Qonşuların müştərək haqqı olan şey, birinin razılığı olmadan satılarsa, xəbərsiz tərəf sərbəst qərar verməyə daha haqlıdır:
Əgər iki qonşunun müştərək yolu, suyu və ya başqa şeyi olarsa onların hər birinin alqı-satqını pozmağa haqqı vardır. Belə ki, biri digərindən icazə almamış müştərək şeyi sata bilməz. Əgər biri digərindən xəbərsiz nəyisə satarsa, digəri ona daha haqlıdır.
Cabir (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qonşu qonşusunun satdığı müştərək şeyin geri qaytarılmasını tələb etməyə daha haqlıdır. Əgər onların (istifadə etdikləri) yol müştərəkdirsə, digər qonşu olmasa da onu gözləmək lazımdır»[5].
Əbu Rafi (A.R.O.) Peyğəmbərin (S.A.V.) belə dediyini rəvayət edir: «Qonşu ortaq olduğu mala (ondan xəbərsiz aparılan alqı-satqını ləğv etməyə) daha haqlıdır»[6].