Dəstəmaz alarkən əzaları neçə dəfə yumaq lazımdır? Düzgün dəstəmaz necə alınır?

    22.01.2014
Sual: 
Salam aleykum. Destamaz alarken 3 defe evezine 1 defe etmek olarmi?
Cavab: 

Və aleykum Salam. Video üçün bu səhifəyə baxın: Dəstəmaz almaq qaydası - VİDEO
Dəstəmaz alarkən bədənin dəstəmaz üçün olan üzvlərini bir, iki və ya üç dəfə yumaq olar. Bir dəfə vacib,  iki və ya üç dəfə yumaq müstəhəbdir (bəyəniləndir). İslamın üçüncü xəlifəsi, peyğəmbərimizin iki qızının həyat yoldaşı, "zinnureyn" (iki nurun sahibi) ləqəbli Osman (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dəstəmaz alarkən əzalarını üç dəfə yudu". Digər səhih rəvayətlərdə deyilir: "Peyğəmbər dəstəmaz alarkən bəzən əzalarını bir dəfə, bəzən də iki dəfə yuyardı"(Əbu Dəvud, 124).
 
Bir nəfər Abdullah ibn Zeydə (Allah ondan razı olsun) dedi: "Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) necə dəstəmaz al­dığını mənə göstərə bilərsənmi?" Abdullah ibn Zeyd (Allah ondan razı olsun): "Bəli" - deyib su gətizdir­di. Son­ra əllərinə su töküb onu iki dəfə yudu; sonra üç dəfə (su götürüb) həm ağ­zını yaxaladı, həm də burnunun içini yudu; sonra üç dəfə üzünü yudu. sonra iki də­fə qollarını dirsəklərə qədər yudu; sonra əllərini irəli-geri aparıb gətirməklə başına məsh çəkdi - əllərini başının ön tərəfindən qafasına qədər apardı, sonra da başladığı yerə qaytardı; bundan sonra ayaqlarını yudu". (əl-Buxari, 185).
 
Osmanın mövlası Humran (Allah onlardan razı olsun) belə rəvayət etmişdir: "(Bir dəfə) Osman (Allah onlardan razı olsun) su gətizdirdi və dəstəmaz aldı. (Əvvəlcə) əllərini üç də­fə yudu, sonra (sağ əli ilə qabdan su götürüb) həm ağzını yaxaladı, həm də burnunun içini yudu, sonra üç dəfə üzünü yudu, sonra üç dəfə sağ qolunu dir­səyə qədər yudu, sonra da sol qolunu eyni qaydada yudu, sonra başına məsh çəkdi, son­ra üç dəfə sağ ayağını topuğa qədər yudu, sonra da sol ayağını eyni qaydada yudu, sonra belə dedi: "Mən Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mənim dəstəmaz aldığım kimi dəstəmaz aldığını gördüm. (O, dəstəmaz aldıqdan sonra belə) buyurdu: "Hər kim mənim dəstəmaz aldığım kimi dəstə­maz alar, sonra qalxıb iki rükət namaz qılar və namaz əsnasında heç bir şey haqda düşünməzsə, onun keçmiş günahları bağışlanar". İbn Şihab (Allah ona rəhmət etsin) demişdir: "Alimlərimiz deyərdilər ki: "Bu dəstəmaz, bir kimsə­nin namaz qılmaq üçün alacağı dəstəmazın ən kamilidir". (Muslim, 538).

Abdi Xayr (Allah ona rəhmət etsin) belə rəvayət edir: "Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) yanına gəlmişdik. O, namazını qılmıştı. Dəstəmaz üçün su istədi. Biz dedik: "Görəsən suyu nə edəcək, axı namazını təzə qılıb. Yəqin bizə dəstəmazı öyrədəcək". İçində su olan bir qabla bir ləyən gətirildi. O qabdan əlinə su töküb üç dəfə əlini yudu, sonra qabdan su götürdüyü əli ilə ağzını üç dəfə yaxalayıb burnuna üç dəfə su çəkdi. Sonra üzünü üç dəfə yudu, sağ əlini üç dəfə, sol əlini üç dəfə yuyub başını məsh etdi. Sağ ayağını üç dəfə, sonra sol ayağını üç dəfə yuyub belə dedi: "Allah Elçisinin (salləllahu aleyhi və səlləm) dəstəmazı necə aldığını  bilmək kimi sevindirirsə, bax bu Allah Elçisinin (salləllahu aleyhi və səlləm) dəstəmazıdır". (ən-Nəsəi, 91, 92).
 
Abdullah ibn Zeyd ibn Asim əl-Mazini (Allah ondan razı olsun) Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) dəs­təmaz alarkən gördüyünü belə vəsf etmişdir: "Ağzını yaxaladı, sonra bur­nuna su çəkib çıxartdı. Sonra üç dəfə üzünü yudu. Sonra üç dəfə sağ əlini, üç dəfə də digər əlini yudu. (Sonra) başına, əlinin artığı olmayan su ilə məsh çək­di. Sonra ayaqlarını tərtəmiz edincəyə qədər yudu". (Muslim, 559).
 
Abdullah ibn Amr (Allah ondan razı olsun) rəvayət edir ki, səfərdə olduğumuz za­man Pey­ğəm­bər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bizdən geri qaldı, sonra da namazın vaxtının çıx­mağına az qalmış gəlib bi­zə çatdı. (Namazın vaxtı çıxacaqdı deyə,) biz dəstəmaz alıb ayaqlarımıza məsh et­məyə başla­dıq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu­nu görcək uca səslə iki və ya üç dəfə belə bu­yur­du: "Atəşə girən topuqların vay halına!". (əl-Buxari, 60).
 
Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) bir nəfərin namaz qıldığını gördü. Onun ayağının üst hissəsində dirhəm böyüklüyündə yerə su dəyməmişdi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) ona, dəstəmazı və namazı yenidən etməyi əmr elədi. (Əbu Dəvud, 173).

Teqlər: 
Paylaş: