Müdrik Loğmanın oğluna nəsihəti
Deyilənə görə Loğman əməlisaleh həbəşi bir kölə olmuşdur. Uca Allah ona dində böyük fəhm və dərin hikmət bəxş etmişdir. Bir gün ondan soruşdular: “Sənin hikmətin nədədir?” O dedi: “Mənə kifayət edəndən əlavə bir şey istəmirəm və mənə aid olmayan şeyləri özümə yük etmirəm.” Uca Allah bizə Qurani Kərimdə Loğmanın oğluna etdiyi əvəzolunmaz nəsihəti barəsində xəbər verərək buyurur:
“Biz Loğmana hikmət verdik: "Allaha şükür et! Kim şükür etsə, özü üçün şükür etmiş olar. Kim nankor olsa, bilsin ki, Allah onun şükrünə möhtac deyildir, Tərifəlayiqdir". Bir zaman Loğman öz oğluna nəsihət edərək demişdi: "Oğlum! Allaha şərik qoşma. Həqiqətən, Allaha şərik qoşmaq böyük zülmdür!"
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Loğman dedi: "Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır. Oğlum! Namaz qıl, yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Başına gələn çətinliklərə səbir et. Həqiqətən, bu, əzm tələb edən əməllərdəndir. İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. Yerişində həddi gözlə, danışanda səsini alçalt. Çünki ən çirkin səs uzunqulaq səsidir" (Loğman, 12-19)
Həmçinin, onun hikmətinə dair belə rəvayət olunur: “Loğman dülgərlik edən, zənci bir kölə idi. Bir gün ağası ona buyurdu: “Mənə bir qoyun kəs!” O da kəsdi. Sonra ağası dedi: “Qoyunun ən gözəl iki əzasını mənə gətir.” Loğman ona qoyunun dilini və ürəyini gətirdi. Ağası dedi: “Qoyunun bu iki əzasından daha gözəl əzaları yoxdur?” O: “Xeyr” – deyib bir qədər susdu. Ağası dedi: “Mənə daha bir qoyun kəs!” O da kəsdi. Ağası dedi: “Qoyunun ən çirkin iki əzasını tulla!” O da qoyunun dilini və ürəyini tulladı. Ağası dedi: “Sənə dedim ki, qoyunun ən gözəl iki əzasını gətir, sən də dilini və ürəyini gətirdin. Sonra dedim ki, onun ən çirkin iki əzasını tulla, sən də onun dilini və ürəyini tulladın.” Loğman dedi: “Bu iki əza gözəl olduqda, onlardan daha gözəl heç bir şey olmur. Bu iki əza çirkin olduqda isə, onlardan daha çirkin heç nə olmur.” Loğmanın oğluna etdiyi nəsihətləri barəsində isə aşağıdakılar rəvayət olunur: Loğman oğluna nəsihət edərək belə demişdir: “Oğlum, tövbəni təxirə salma! Çünki, ölüm qəflətən gəlir.” “Oğlum! Dirsəklərindən yuxarısına qədər qana bulanmış adam səni təəccübləndirməsin. Çünki, onun üçün Allah dərgahında elə bir qatili vardır ki, o heç vaxt ölməyərək əzab çəkəcəkdir.” “Oğlum! Çox doyduqdan sonra yemə, çünki onu köpəyə verməyin sənin üçün bundan daha xeyirlidir”. “Oğlum! Heç vaxt susduğuma görə peşman olmadım. Əgər danışmaq gümüşdürsə, susmaq qızıldır.”