Evdə nə qədər qızıl saxlamaq olar? Hansı miqdarda qızıla zəkat düşür?

    24.10.2015
Sual: 
salam aleykum bilmek isterdim evde ne qeder qizil saxlamaq olar eshitdiyime gore eger qizil hansisa miqdardan coxdusa onun hansisa misli qeder zekat cixarmalisan ALLAH elminize bereket versin Allah sizden razi olsun.
Cavab: 

Va aleykum Salam. Zəkat 85 qram qızıl və ya bu dəyərdə pul mövcud olduqda vacib olur. Sonra isə bu məbləğ azalmamaq şərtilə bir il keçdikdən sonra əldə olan məbləğdən 2.5 faiz dəyərində pul çıxarılıb ehtiyacı olanlara paylanılır. Məsələn, bir şəxs pul toplayaraq vacib olan dəyərə çatdıqdan sonra bir il keçir və nəticədə 10 000 manat məbləğində pula malik olursa, bunun 2,5 faizini, yəni 250 manatını zəkat çıxarıb Allahın verilməsini əmr etdiyi şəxslərə verməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) belə buyurur: "Əgər sənin iki yüz dirhəmin varsa və üzərindən bir il keçibsə, onun beş dirhəmini zəkat çıxarırsan. Qızıl isə iyirmi dinar miqdarında olana qədər sənə zəkat vacib olmur. Əgər iyirmi dinara çatsa və üzərindən bir il keçsə, yarım dinar zəkat verməlisən". (Əbu Davud, 1391). Qadının istifadə etdiyi qızıl da bu miqdara daxildir. Ummu Sələmə deyir ki, mən qızıldan zinət əşyaları taxırdım. Bu haqda Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) soruşub dedim: "Ey Allahın Elçisi, bu əzabla vəd olunan (zəkatdan) mal-dövlətdən sayılırmı?" Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Nisaba yetişən malın zəkatını versən, əzabla vəd olunan mal-dövlətdən sayılmaz". (Əbu Davud, 1549). Puldan başqa digər malların da zəkatı müəyyən edilmişdir. Həmçinin, oxuyun: Zəkat haqqında

Teqlər: 
Paylaş: