Uşaqların əməlisaleh övlad olması üçün nə etmək lazımdır?

    09.11.2015
Kimdən: 
gunahkar qul
Sual: 
Salam bu gunumuzde meni narahat eden meselelerden biri de usaqlarin dini terbiyesidir nece etmek lazimdir ki usaq nece yasindan baslayaraq islam exlaqi ile boyusun kamillesib emelisaleh ovlad olsun evvelden tesekur edirem sag olun Allah razi olsun
Cavab: 

Və aleykum Salam. Uşağın imanlı və təqvalı olması üçün ilk növbədə valideynlər özləri Uca Allahın əmrlərini yerinə yetirərək və qadağalarından çəkinərək ona nümunə olmalı, ona Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi tərbiyə verməlidirlər. Öncə Uca Allaha ixlas ilə (səmimi qəlbdən) təvəkkül edərək dua etmək və düzgün tərbiyədən başlamaq lazımdır. İlkin tərbiyə isə ana bətnindən başlayır. Necə ki, hədislərdə belə xəbər verilir. Həmçinin uşaqlıqdan islam dəyərlərini öyrətmək, namaza həvəsləndirmək və övladınız üçün düzgün dost-yoldaş seçmək lazımdır. Çünki insanın olduğu mühit və oturub durduğu dostları birbaşa onun formalaşmasına və əxlaqına təsir edir. Bundan əlavə valideynlərdən də çox şey asılıdır. Əgər valideyn özü ibadətlərə və digər xeyir əməllərə biganə yanaşarsa, bunun mənfi təsiri övladdan da yan keçməz. Odur ki, çalışın evdəki abu-havada islama uyğun bir mühit olsun. Övlad valideyn üçün bir əmanətdir. Müsəlman kişi isə himayəsi altında olanlara cavabdehdir. Uca Allah buyurur: "...Özünüzü və ailə üzvünüzü Cəhənnəm atəşindən qoruyun!" (ət-Təhrim, 6). Ona görə də övlad tərbiyəsində ən mühüm rolu valideynin şəxsi nümunəsi oynayır. Uşaqlar da ailədə öz valdeynlərini təqlid etməyi xoşlayırlar. Valideyn heç zaman uşağa yalan danışmamalı və heç zaman özü əksinə etdiyi bir işi ondan tələb etməməlidir. Abdullah ibn Amir (Allah ondan razı olsun) rəvayət edir ki, bir gün peyğəmbər bizim evimizdə oturmuşdu. Bu zaman anam məni çağırıb dedi: "Tez yanıma gəl, gör sənə nə verəcəyəm". Peyğəmbər (salləllahu aleyhi və səlləm) anamın sözlərini eşidəndə soruşdu: "Uşaq gələndən sonra ona nə verəcəksən?". Anam cavab verdi: "Bir xurma verməyi düşünürdüm". Peyğəmbər (salləllahu aleyhi və səlləm) buyurdu: "Əgər ona heç nə verməsəydin, əməl dəftərinə yalan cəzası yazılacaqdı". (Əbu Dəvud, 4991). Valideyn öz övladına hər hansı əməlin pis olduğunu söyləyirsə, özü də bu əməli etməməlidir. Əks halda, onun nəsihətlərinin heç bir kəsəri olmayacaq. Öz səhv hərəkətlərimiz və yalanlarımızla uşağın yanındakı etibarımızı itirməyək.
Övladlar yeddi yaşına çatdıqda onlara namaz qılmağı öyrətmək. Çünki bu barədə hədis rəvayət olunub. Əmr ibn Şueybin atasından, atası isə babasından onun (Allah onlardan razı olsun) belə söylədiyini rəvayət edir: Rəsulullah (salləllahu aleyhi və səlləm) belə demişdir: "Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Dəvud, 495). Bununla belə, ata kiçik övladlarına namaz qılmağı öyrədərkən onlara qarşı xoş, yumşaq davranmalı və ibadətləri yerinə yetirmək üçün onları tərifləyərək buna təşviq etməli və bu ibadətlərə alışmaları və ibadətə qarşı sevgi oyanması üçün onlara hədiyyə və mükafat verməlidir. Ümumiyyətlə uşaqların namaz qılmağa həvəsləndirilməsi üçün bir neçə dini və tərbiyəvi üsul vardır: Məsələn, Valideynin özünün evdə namaza böyük əhəmiyyət verməsi, namazı əvvəl vaxtda qılmaq, təmiz, səliqəli və gözəl paltarla namaz qılmaq və s. Uşaq başqalarının namazına mane olmayacaq yaşa çatdıqda, onu məscidə aparmaq. Namazın faydalarını və təsirini uşaqlarınıza danışmaq.Uşaqlara mömin camaatı, Quran qarilərini, hafizlərini və namaz qılanları nümunə göstərmək. Uşağın namaz qıldığı halda arzuladıqları şeyləri (təbii ki, haramlar istisna olmaqla) həyata keçirtmək, uşağı bir növ həvəsləndirmək. Uşaqların namaz qılan yaşıdları ilə dost olması. Elə etmək lazımdır ki, ona "namaz qıl" deyildikdə, yaxşı işə dəvət olunduğunu başa düşsün. Siz bütün bu deyilən və digər səbəblərdən düzgün şəkildə yapışsanız, inşallah, Allahın izni ilə övladınız əməli-saleh bəndələrdən olar. Həmçinin oxuyun:
Övladlarımızı namaza necə həvəsləndirək?
Nə edim ki, övladım əməli salehlərdən olsun?

Teqlər: 
Paylaş: