İmam Həsən ibn Əli

    26.01.2014

      Əbu Muhəmməd Həsən ibn Əli ibn Əbu Talib Peyğəmbərin nəvəsi, qızı Fatimənin oğlu, Cənnətlə müjdələnmiş, malı və canı ilə İslam dininə xidmət etmiş ən məşhur səhabələrdəndir. Hicrətin üçüncü ilində ramazan ayının ortalarında Mədinə şəhərində dünyaya gəlmişdir. Muhəmməd ibn əl-Hənəfiyyə rəvayət edir ki, Əli ibn Əbu Talib demişdir: “Həsən dünyaya gəldikdə, mən ona Həmzə adını, Hüseyn doğulduqda isə ona əmisinin adını – Cəfər adını qoymuşdum. Sonra Peyğəmbər məni çağırıb dedi: “Mənə bunların adlarını dəyişdirmək əmr olundu!” Mən dedim: “Allah və Onun rəsulu daha yaxşı bilir!” Onda Peyğəmbər onlara Həsən və Hüseyn adını qoydu” (Silsilətul Əhadisis-Səhihə, 2709).
      Rəvayət edilir ki, Peyğəmbər Həsəni çiynində apararkən belə demişdir: “Allahım, mən onu sevirəm, Sən də onu sev!” (Səhih əl-Buxari, 3749).
Digər rəvayətdə deyilir ki, Peyğəmbər onu qucaqlayıb öpdü və dua edib dedi: “Allahım, onu sev və onu sevən kimsələri də sev!” (Səhih əl-Buxari, 2122).
Həsən Peyğəmbərə ən çox oxşayan səhabədir. Əbu Cuheyfə demişdir: “Mən Peyğəmbəri görmüşəm. Həsən ibn Əli ona oxşayırdı” (Səhih əl-Buxari, 3544).
Başqa bir rəvayətdə Ənəs ibn Malik demişdir: “Peyğəmbərə Həsən ibn Əli qədər çox oxşayan bir kimsə yox idi” (Səhih əl-Buxari, 3752).
Bir başqa rəvayətdə Uqbə ibn Haris demişdir: “Bir dəfə Əbu Bəkr əsr namazını qıldıqdan sonra məsciddən bayıra çıxdı. Bu vaxt o, Həsənin uşaqlarla oynadığını gördü və onu çiyninə otuzdurub dedi: “Atam sənə fəda olsun, sən Əlidən çox Peyğəmbərə oxşayırsan” Əli bu sözü eşidəndə güldü” (Səhih əl-Buxari, 3542).
      Həsənin müsəlman ümməti üçün etdiyi ən böyük xeyirxahlıq onların arasında baş verə biləcək böyük bir qırğının qabağını almaq olmuşdur ki, bunun barəsində də Peyğəmbər əvvəlcədən xəbər verib belə buyurmuşdur: “Mənim bu oğlum çox hörmətli şəxsiyyətdir. Vaxt gələcək, o, müsəlmanlardan iki böyük dəstənin arasını düzəldəcəkdir” (Səhih əl-Buxari, 2704).

Paylaş: