Namaz qıla-qıla günah etmək olarmı?

    28.01.2014
Kimdən: 
Lamiyə
Sual: 
Salam aleykum. Zəhmət olmasa sualımı cavablandırardınız.. Olarmı ki, insan bir gunah işə görə, haram iş, və bununla yanaşı hər gün lazımi qaydada namaz qilmaq ki, etdiyi günah bağişlansin, yazılmasın... Güman edirəm ki, anlada bildim sualimi. Çox sağolun...
Cavab: 

Aleykum salam. Şəriətə görə beş vaxt namaz və bir cümə digər cüməyə qədər olan (kiçik) günahlara kəffarədir (bağışlanmadır). Böyük günahlar istisnadır. Namaz, Uca Allahın bəndələrinə olan böyük və geniş mərhəmətini bildirir. Çünki O, namazı gün ərzində beş vaxt vacib etmiş və onu günün vaxtlarına bölmüşdür. Namazların həmin vaxtlara bölünməsi özü bir gözəllikdir. Bəndə gün ərzində beş dəfə müxtəlif vaxtlarda Allahı yad edir. Müsəlman namaz vasitəsi ilə günün hər bir vaxtında özündən şərri dəf edir, günahlarının bağışlanmasına və dərəcəsinin yüksəlməsinə nail olur. Namaz insanı günahlardan təmizləyir və qoruyur. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl Ənkəbut, 45). Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun)  demişdir: "Deyin görüm, əgər birinizin evinin qarşısından bir çay axarsa və o hər gün orada yuyunarsa, onun üzərində çirk qalarmı?" Onlar dedilər: "Onun üzərində çirkdən heç bir əsər-əlamət qalmaz". O buyurdu: "Beş vaxt qılınan namaz da belədir, Allah onun vasitəsilə günahları silib yox edir". (Muslim, 344).
İslam alimlərinə görə namazın və digər ibadətlərin yalnız kiçik günahlar kəffarə olduğunu söyləmişlər. Böyük günahlara gəldikdə isə, onlara görə tövbə etmək lazımdır. Həmçinin, yaxşı əməllər kiçik günahları yuyub apardığı kimi günahlar da insanın yaxşı əməllərinə, yəni savablarını mənfi təsir göstərir. Beləliklə, insan namaz qıldığına və başqa yaxşı əməllərə görə savab, asiliyinə görə isə günah qazanır. Həmçinin Peyğəmbər (salləllahu aleyhi və səlləm) səhabələrinə (Allah onlardan razı olsun) nəsihət edərək demişdir: "Harada olsan, Allahdan qorx! Günah etdikdə ardınca yaxşı əməl et ki, onu silsin". (ət-Tirmizi "Xeyirxahlıq və qohumluq əlaqələri", №: 1987; İmam Əhməd, 5/153; əd-Darimi "Raqaiq", №: 2791).
Peyğəmbərin (Allah ona və ailəsinə salavatı və salamı olsun) bu və digər hədislərində deyilənlər bəzi insanlar tərəfindən düzgün başa düşülmür. Bəziləri bu cür hədislərdə qeyd edilən buyruqlardan sui-istifadə edərək istədiyi qədər günah edir, sonra onları yumaq üçün namaz qılır, oruc tutur və s. əməllər etməyə çalışır. Bu isə özü bir günahdır. Hədislərdə qeyd edilən kəffarələr isə hər bir insanın başına gələn günah işlərə görə dərhal günahı tərk edib, peşman olub yaxşı əməllər edərək savab işləri artırmaq nəzərdə tutulur. Çünki Qiyamət günü əməl tərəzisi qoyulacaq, kimin savab işləri günahlarına üstün gələcəksə, o nicat tapacaq. Bu haqda çoxlu Quran ayələri vardır. Həmçinin, insanın açıq aşkar qatı düşməni olan şeytan bəzi insanları aldadaraq beləcə günahlara sövq edir.   
  

Teqlər: 
Paylaş: