Spirtli ətirlərdən istfadə etmək olarmı?
Va aleykumus-Sələm. Spirt bir maddə olaraq təmizdir. Hər haram sayılan qida və ya maddə nəcis deyil. Uca Allah spirtli içkiləri içməyi qadağan etmişdir. Uca Allah buyurur: "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız". (əl-Məidə, 90). Bu, o demək deyil ki, qumar oynanan karta əl vurulsa, əl nəcisdən təmizləndiyi kimi yuyulmalıdır. Həmçinin, spirt də paltara dəydikdə, o demək deyil ki, paltarın həmin hissəsi yuyulmalıdır. Spirti içmək qadağandır, lakin təmiz maddə kimi tibbdə və ətir kimi istifadə olunmasında problem yoxdur. Spirtli ətirlər dəstəmazı da pozmur. Ənəs (Allah ondan razı olsun) belə demişdir: “Sərxoşedici içki haram olduğu gün mən Əbu Talhanın evində bir neçə səhabəyə şərab süzürdüm. O gün səhabələrin içdikləri şərab kal və yetişmiş xurmalardan sıxılmışdı. Birdən bir carçının səsləndiyini eşitdik. Mənə: “Çölə çıx, gör nə olub?”– dedilər. Mən çıxdıqda carçı belə deyirdi: “Bilin ki, sərxoşedici içkilər artıq haram edildi”. Əbu Talha mənə dedi: “Get bunu boşalt!” Mən qalan şərabı aparıb boşaltdım. O gün Mədinənin yollarında şərab axırdı..." (əl-Buxari, 4254, 4620; Muslim, 3662, 5246). İslam alimləri bu hədisə əsaslanaraq spirtin təmiz maddə olduğunu demişlər. Çünki əgər murdar sayılsaydı onu Mədinənin yollarına axıtmazdılar. Həmçinin, oxuyun: Dəstəmazı pozan amillər