Quranı oxumaq üçün digər kitablara ehtiyac varmı?
Sual:
Salam Aleykum. Sualım belədir: Quranı oxumaq üçün digər kitablara ehtiyac varmı? Mən buna ehtiyac olmadğını düşünürəm və dəlil olaraq: Artıq Allahdan başqa özümə bir hakimmi axtarım. Sizə kitabı açıqlanmış olaraq endirən odur.Özlərinə kitab verdiyimiz kimsələr onun sənin rəbbin tərəfindən haqq ilə endirildiyini bilirlər. O halda sən heç vaxt şübhə edənlərdən olma (Ənam 114). Rəbbinin sözü həm doğruluqla həm də ədalətlə tamamlanmışdır. Onun sözlərini dəyişdirə biləcək kimsə yoxdur.O eşidən və biləndir (Ənam 115). Yer üzərindəki insanların çoxuna tabe olsan səni Allahın yolundan azdırarlar.Onlar ancaq zənnə tabe olarlar və yalan danışarlar (Ənam 116).Bu Quran ayələri haqqında ne dəyə bilərsiz?
Cavab:
Və aleykum Salam. Digər dinlərin kitablarını oxumağa ehtiyac yoxdur. Amma Qurandan başqa İslam kitablarını, hədis kitablarını, fiqh kitablarını və s. oxumaq vacibdir. Çünki, Qurani-Kərimi insanlara bəyan edib İlahi vəhy ilə şərh edən Allahın Peyğəmbəri (Allahın ona və ailəsinə salavatı və salamı olsun) olub. Quran ayələrini Allahın Elçisi insanlara bir-bir izah edib. Həmin izah etdiyi kəlmələr də səhih hədislərdə öz əksini tapıb. Quranı Peyğəmbərin (Allahın ona və ailəsinə salavatı və salamı olsun) sözü olmadan başa düşmək mümkün deyildir. Buna bir çox misallar çəkmək olar. Rəvayət edilir ki, Adiy ibn Hatim (Allah ondan razı olsun) demişdir: "Ağ sap qara sapdan seçilənə qədər yeyin için" ayəsi nazil olduqda mən bir ağ və bir qara ip götürüb yastığımın altına qoydum və gecə boyunca bu iplərə baxdım, lakin heç bir şey ayırd edə bilmədim. Səhəri gün Peyğəmbərin (salləllahu aleyhi və səlləm) yanına gəlib nə etdiyimi ona xəbər verdim. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) mənə dedi: "Əslində, bu, gecənin qaranlığı və gündüzün aydınlığıdır". (əl-Buxari, 1916).
Uca Allah buyurur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər və cinsi əlaqədən sonra natəmiz olduğunuz halda, – yolda olan müsafirlər istisna olmaqla – qüsl edənədək namaza yaxınlaşmayın. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmisinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah əfv edəndir, Bağışlayandır". (ən-Nisa, 43). Bu ayədən başa düşülən odur ki, içki haram deyil, sadəcə sərxoş olarkən namaza yaxınlaşmaq olmaz. Lakin, səhih hədislərdə bu ayənin içki haram olmamışdan qabaq nazil olduğu bildirir. Digər ayə bu ayənin hökmünü ləğv edir. "Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici içki də, qumar da, tapınmaq məqsədilə dik qoyulmuş daşlar da, fal oxları da şeytan əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Həqiqətən, şeytan sərxoşedici içki və qumar vasitəsilə sizin aranıza ədavət və kin salmaq, sizi Allahı yad etməkdən və namazdan ayırmaq istəyər. Siz buna son qoyacaqsınızmı?" (əl-Maidə, 90-91). Namazın qılınma qaydası, neçə rükət, olması, ruku və səcdədə nə deyilməsi, oruc və bütün dini əhkamların izahını səhih hədislərə müraciət etmədən, yalnız Qurandan tapmaq mümkün deyil. Qurani-Kərim məsələləri ümumən bəyan edir, möminlərə Cənnətlə müjdə verir, kafirləri Cəhənnəm əzabı ilə qorxudur, namaz və digər əhkamlar haqda ümumən xəbər verir. Bunları şərh edən isə Kitabı nazil edən Allahın Elçisidir (salləllahu aleyhi və səlləm). Həmçinin oxuyun:
Hədislərə tabe olmağın vacibliyi
İncil kitabını evdə saxlamaq lazımdırmı?
Hədislərə tabe olmağın vacibliyi
İncil kitabını evdə saxlamaq lazımdırmı?