Qüsl necə alınır və onu pozan amillər hansılardır?
Və aleykum Salam. Qüsl alıb pak olmaq Allahın əmrlərindən biridir, qüslu pozulmuş şəxs mümkün qədər tez qüsl almağa çalışmalıdır. Uca Allah buyurur: "Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərə qədər əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlara qədər ayaqlarınızı yuyun. Yaxınlıq edib natəmiz olmuşsunuzsa, qüsl edin. Əgər xəstə və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlara toxunmusunuzsa (cinsi əlaqədə olmuşsunuzsa), su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6). Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) demişdir: "Üç kəsə mələklər yaxın durmazlar; kafirin cəsədinə, zəfəranlı ətir vurana və cənabət halında olana - dəstəmaz alarsa istisnadır". (Əbu Davud, 4182).
Allah dərgahında qəbul olunan qüsl iki növdür:
Kamil qüsl. Kamil qüsl almaq üçün "bismilləh" deyib əlləri yumaq, sonra cinsiyyət üzvünü yumaq, sonra dəstəmaz almaq lazımdır. Sonra üç dəfə başa su töküb əl ilə suyu saçların dibinə çatdırmaq, sonra bədənin qalan yerini üç dəfə yumaq, sonra isə ayaqları yumaq lazımdır. Yəni, Peyğəmbərimiz Məhəmmədin (Allahın ona və ailəsinə salamı və salavatı olsun) aldığı şəkildə qüsl almaq. Möminlərin anası xanım Aişə (Allah ondan razı olsun) rəvayət edir: "Peyğəmbər (salləllahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu". (Səhih Muslim, 716).
Qüsl alarkən dillə niyyət deyilmir. Sadəcə qəlbində adi çimmək yox, qüsl almaq məqsədinin olması kifayətdir.
Qüslu pozan amillər isə ümumilikdə kişi və qadınlarda cənabət (cinsi əlaqədən sonra və ya əlaqə olmadan şəhvətlə spermanın çıxması), yuxuda qeyri-iradi olaraq məninin (spermanın) çıxması, yalnız qadınlarda isə "heyz" (aybaşı) və "nifas" (doğuşdan sonra ən çoxu 40 gün davam edən qanaxma) hallarıdır.
Xəstələnmək qorxusu olan və ya su tapmayanlar çətinlik aradan qalxana qədər qüsl əvəzinə təyəmmüm edə bilərlər. Daha ətraflı: Təyəmmüm necə alınır?