Namaz qılmayanın tövbəsi qəbul olunurmu?
Aleykum salam. Namaz qılmayan Uca Allaha tövbə edirsə, tövbəsi qəbul oluna bilər. Uca Allaha tövbə edən bilir ki, günahları bağışlayan və onlara görə cəza verən yalnız Uca Allahdır. Uca Allaha tövbə etmək Uca Allahın varlığını, Onun təkliyini, axirətdə insanların etdikləri əməllərə görə mühakimə etməsini qəbul etməkdir. Tövbə sözü qayıtmaq deməkdir. Tövbə edən Uca Allaha itaətsizlik göstərdiyinə peşman olaraq Onun itaətinə qayıdır. Namaz qılmayanın günahlardan tövbə etməsi Uca Allaha xoş gedən və Ona yaxınlaşdıran əməllərdəndir. Lakin, bununla yanaşı o, tövbəsinin tam və kamil olması üçün Uca Allaha edilən itaətin ən vacib əsası olan namazı qılmalıdır. Ənəs ibn Həkim əd-Dabbi demişdir: "Ziyaddan və ya İbn Ziyaddan qorxaraq Mədinəyə gəlib Əbu Hureyra (Allah ondan razı olsun) ilə görüşdum. O mənim əsli-nəsəbim haqqında soruşdu, mən də ona söylədim. O dedi: "Ey cavan oğlan! Sənə bir hədis danışım?" Mən də: "Bəli, Allah sənə rəhm etsin!" - dedim. O, Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) rəvayət edərək buyurdu: "Qiyamət günü insanların əməllərindən ilk hesaba çəkilən namaz olacaqdır. Rəbbimiz yaxşı bildiyi halda mələklərinə buyuracaq: "Qulumun fərz namazlarına baxın, onları tam, yoxsa naqis olaraq qılıb?" Əgər fərz namazları tam olarsa, onun üçün tam olaraq yazılacaq. Əgər onlardan bir şey əskik olarsa, Uca Allah buyuracaq: "Baxın, qulumun nafilə namazları varmı?" Əgər onun nafilə namazları olarsa, Uca Allah: "Qulumun fərz namazlarını nafilə namazları ilə tamamlayın!" - deyə buyuracaqdır. Sonra digər əməllər də bu cür hesaba çəkiləcək". (Əbu Davud, 864).
Əbu Hureyra (Allah ondan razı olsun) deyir ki, Allah Elçisinin (salləllahu aleyhi və səlləm) belə dediyini eşitdim: "Qiyamət günü bəndənin hesaba çəkiləcəyi ilk əməli namazdır. Əgər namazları qaydasında olsa, uğur qazanar və nicat tapar. Əgər namazları qaydasında olmasa, ziyana uğrayar. Əgər fərz namazlarından bir şey əskik olsa, Uca Rabbimiz belə buyurar: "Baxın, qulumun nafilə namazları varmı?" Beləliklə nafilələrlə fərzlərindən əskik olanı tamamlanacaq. Sonra digər əməlləri də bu cür hesaba çəkiləcək". (ət-Tirmizi, 413-415).