Peyğəmbərliyin meyarları

    03.09.2013

Əbu Süfyan Qureyş karvanını müşayiət etdiyi zaman Herakl onu öz yanına çağırtdırdı. O vaxt qureyşlilər Şamda ticarət edirdilər. Bu da Peyğəmbərin Əbu Süfyan və başqa Qureyş kafirləri ilə Hudeybiyədəki sülh müqaviləsi bağladığı vaxta təsadüf edirdi. Əbu Süfyan yoldaşları ilə birgə Qüds şəhərinə – Rum (Vizantiya) imperatoru Heraklın yanına gəldilər. Herakl Rum zadəganlarının əhatəsində ikən qureyşliləri öz məclisinə dəvət etdi. Sonra onları öz hüzuruna çağırtdırdı və tərcüməçisinin gəlməsini əmr etdi. Herakl soruşdu: “Peyğəmbər olduğunu iddia edən bu adama nəsəbcə ən yaxın olan hansınızdır?” Əbu Süfyan dedi: Mən: “Onların nəsəbcə ən yaxın olanı mənəm”– deyə cavab ver¬dim. İmperator dedi: “Onu yaxına gətirin, yoldaşlarını isə onun arxa tərəfində saxlayın.” Sonra tərcüməçisinə dedi: “Onlara de ki, mən bundan o adam haqqında soruşacağam. Əgər mənə yalan danışsa, siz də onu yalançı hesab edin.” Əbu Süfyan dedi: “Vallahi, dostlarımın orada-burada mənim yalanım barədə danışacaqlarından utanmasaydım, onun barəsində əlbət ki, yalan danışardım.” Sonra Heraklın onun barəsində məndən ilk soruşduğu bu oldu: “Aranızda onun əsli-nəsəbi necədir?” Mən: “O, bizim aramızda əsilli-nəsəblidir”– dedim. O soruşdu: “Sizlərdən ondan əvvəl bu sözü deyən (peyğəmbərlik iddiası edən) bir kimsə olubmu?” Mən: “Xeyr!”– dedim. O soruşdu: “Heç onun ata-babalarından padşah olubmu?” Mən: “Xeyr!”– dedim. O soruşdu: “Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləri?” Mən: “Xalqın zəifləridir”– dedim. O soruşdu: “Onlar artırlar, yoxsa azalırlar?” Mən: “Artırlar”– dedim. O soruşdu: “İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı?” Mən: “Yoxdur!”– dedim. O soruşdu: “Söylədiklərini deməzdən (bu dinə dəvət etməzdən) əvvəl heç onu yalan danışmaqda ittiham etmişdinizmi?” Mən: “Xeyr!”– dedim. O soruşdu: “Heç əhdi pozurmu?” Mən: “Xeyr pozmur, lakin bizimlə onun arasında müvəqqəti sülh müqaviləsi mövcuddur və bu müddət ərzində onun nə edəcəyini də bilmirik”– dedim. Əbu Süfyan dedi ki, mən deyilənlərə əlavə etmək üçün bu kəlmədən başqa bir şey tapa bilmədim. Herakl soruşdu: “Heç onunla döyüşmüsünüzmü?” Mən: “Bəli!”– dedim. O soruşdu: “Onunla döyüşünüz nə ilə nəticələnib?” Mən dedim: “Bizimlə onun arasında gedən döyüş dəyişkəndir. Gah o bizə qalib gəlir, gah da biz ona qalib gəlirik.” O soruşdu: “Sizə nəyi əmr edir?” Mən dedim: “O deyir ki, Tək Allaha ibadət edin, heç nəyi Ona şərik qoşmayın, atalarınızın söylədiklərini tərk edin. Habelə namaz qılmağı, zəkat verməyi, doğru danışmağı, iffətli olmağı və qohumluq əlaqələrini möhkəmləndirməyi də bizə əmr edir.” Sonra Herakl tərcüməçiyə belə buyurdu: “Ona de ki: “Səndən onun nəsəbi barədə soruşdum, aranızda əsilli-nəsəbli olduğunu bildirdin. Həmçinin əvvəlki elçilər də öz xalqlarının adlı-sanlı nəslinə mənsub olardılar. Sizlərdən ondan əvvəl bu sözü söyləyən bir kimsə olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən düşündüm ki, əgər ondan əvvəl bu sözü söyləmiş bir kimsə olsaydı, deyərdim ki, bu adam özündən əvvəl deyilmiş bir sözü təkrar edir. Ata-babalarının içində padşah olubmu deyə soruşdum, dedin ki, xeyr. Mən fikirləşdim ki, əgər ata-babalarından padşah olmuş olsaydı, deyərdim ki, bu adam atasının mülkünü geri almağa çalışır. Söylədiklərini deməzdən əvvəl onu yalan danışmaqda ittiham etmişdinizmi deyə soruşdum, dedin ki, xeyr. Mənə aydın oldu ki, insanlara qarşı yalan danışmayan adam, Allaha qarşı da yalan danışmaz. Onun ardınca gedənlər xalqın zadəganlarıdır, yoxsa zəifləridir deyə soruşdum, onun ardınca gedənlərin xalqın zəifləri olduğunu söylədin. Elçilərin ardınca gedənlər də məhz onlardır. Onlar artırlar, yoxsa azalırlar deyə soruşdum, dedin ki, onlar artırlar. İmanın vəziyyəti də tamam oluncaya qədər beləcə davam edər. İçərilərində onun dinini qəbul etdikdən sonra narazılığa görə dinindən dönən bir kimsə varmı deyə soruşdum, dedin ki, yoxdur. Təbii ki, bu cür iman qəlblərə daxil olduqda belə olur. Əhdi pozurmu deyə soruşdum, dedin ki, xeyr. Peyğəmbərlər də belə olur, əhdi pozmurlar. Sizə nəyi əmr edir deyə soruşdum. Dedin ki, Tək Allaha ibadət edib heç nəyi Ona şərik qoşmamağı sizə əmr edir və bütlərə tapınmağı sizə qadağan edir. Üstəlik namaz qılmağı, doğru danışmağı və iffətli olmağı da sizə əmr edir. Və əgər sənin de¬diklərin doğrudursa, onda o, bu ayaqlarımın basdığı yerə sahib olacaqdır. Mən bilirdim ki, o gələcək, lakin sizlərdən olacağını güman etmirdim. Əgər onun yanına gedib çata biləcəyimə arxayın olsaydım, hər halda onunla görüşməyə çalışardım. Və əgər yanında olsaydım, ayaqlarını yuyardım.” Sonra o, səhabə Dihyanın vasitəsilə Busranın hökmdarına göndərilmiş (və onun tərəfindən Herakla çatdırılmış) Peyğəmbərin – ona və ailəsinə Allahın salavatı və salamı olsun - məktubunu tələb etdi. Qasid məktubu Herakla verdi. O da oxudu. Məktubda bunlar yazılmışdı: Mərhəmətli və Rəhmli Allahın adı ilə! Allahın qulu və rəsulu Muhəmməddən Rum imperatoru Herakla. Haqq yolu tutub gedənlərə salam olsun! Bundan sonra, mən səni İslama dəvət edirəm. İslamı qəbul et ki, salamat qalasan və Allah sənin mükafatını ikiqat versin. Əgər qəbul etməsən, tabeçiliyində olanların günahı sənin boynunda qalacaqdır. (Sənə Allahın mənə buyurduğunu deyirəm): “Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək.” Əgər onlar üz döndərsələr, deyin: “Şahid olun ki, biz müsəlmanlarıq!” Əbu Süfyan dedi: “Herakl deyəcəyini dedikdən və məktubu oxuyub qurtardıqdan sonra onun hüzurunda hay-küy qalxdı, səslər ucaldı və bizi bayıra çıxartdılar. Onda mən yoldaşlarıma dedim: “İbn Əbu Kəbşənin (yəni, Peyğəmbərin) dəvəti o qədər böyümüşdür ki, Bəni-Əsfarın hökmdarı belə ondan qorxur.” Peyğəmbərin qalib gələcəyinə Allah İslamı qəlbimə salıncaya qədər qətiyyətlə inanmağa davam etdim..." (əl-Buxari, 7).

Paylaş: