101. əl-Qariə surəsi

"Qorxuya salan" surəsi, 11 ayə,
Məkkədə nazil olub.

Mərhəmətli və Rəhmli Allahın adı ilə! 

 

1. Qəlbləri Qorxuya salan!

2. Qəlbləri Qorxuya salan nədir?

3. Sən haradan biləsən ki, qəlbləri Qorxuya salan nədir?

4. O gün insanlar ətrafa səpələnmiş pərvanələr tək olacaqlar.

5. Dağlar isə didilmiş yun görkəmi alacaqdır.

6. O gün kimin tərəziləri ağır gələrsə

7. xoşbəxt güzəran sürəcək.

8. Kimin tərəziləri yüngül gələrsə,

9. anası Haviyə olacaqdır.

10. Sən haradan biləsən ki, o nədir?

11. O, çox qızmar bir oddur!